“Evləndirmə verilişləri ailə institutunu zəiflədə bilər” — AÇIQLAMA

GÜNDƏM 05 sentyabr 2025, 12:41
“Evləndirmə proqramlarının efirə çıxarılması mövcud televiziya məkanında müəyyən boşluğu doldura bilər. Hazırda kanallarda əsasən ailədaxili münaqişələr, boşanma, zorakılıq və mənfi nümunələr ön planda göstərilir”. 

Bunu Demokrat.az-a sosioloq Sevinc Qasımova bildirib. 

O deyib ki, bu isə ailə institutunun cəmiyyət şüurunda neqativ şəkildə təqdim olunmasına gətirib çıxarır:

“Əgər evləndirmə tipli verilişlər düzgün yanaşma ilə hazırlanarsa, ailə dəyərlərinin müsbət tərəflərinin təbliği baxımından faydalı ola bilər. Cəmiyyətdə urbanizasiya, miqrasiya və sosial təcrid halları artdığı üçün insanların tanışlıq imkanları daralır. Belə proqramlar müəyyən qədər sosial platforma rolunu oynaya bilər. Bu, xüsusilə gənclərin bir-birini daha yaxşı tanıması və evlilik mövzusuna fərqli baxış formalaşdırması üçün imkan yarada bilər. Amma burada çox önəmli məqamlar var. Əgər belə verilişlər yalnız reytinq məqsədilə şou formatında qurularsa, evlilik kimi ciddi sosial institut əyləncə predmetinə çevriləcək”.

Sosioloq diqqətə çatdırıb ki, qısa müddətdə tanışlıq əsasında evlilik təşviq olunarsa, bu, boşanma hallarını daha da artıra bilər:

“Həmçinin, cəmiyyətin ənənəvi dəyərləri ilə uyğun olmayan yanaşma güclü ictimai qınaqla qarşılana bilər. Bu cür proqramlara ehtiyac var, lakin onlar yalnız maarifləndirici, psixoloq və sosioloq kimi ekspertlərin iştirakı ilə, ailə dəyərlərini möhkəmləndirən formatda hazırlanarsa, cəmiyyət üçün faydalı ola bilər. Əks halda, sırf əyləncə məqsədli verilişlər mövcud problemləri daha da dərinləşdirəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top