Sosioloq: "Təmtəraqlı məzarlara meylli insanların sayı artıb"

SOSİAL 03 sentyabr 2025, 17:32
"Sosial şəbəkələrdə bu kimi hallar tez-tez müzakirə edilir. Xüsusən kriminal avtoritetlərin təmtəraqlı məzarları müzakirə səbəbi olur. Sovetlər dövründə də, ötən əsrdə belə hallar mövcud olub. Xüsusən bu kimi şəxslərin daha təmtəraqlı büstləri qoyulurdu, hətta onların müəyyən orda tanıtma nişanələri də əks olunurdu".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib. 

O bildirib ki, indi isə bu hal tək kriminal aləmdəki avtoritetlərlə bağlı deyil:

"Ümumiyyətlə, təmtəraqlı məzarlara meylli insanların sayı artıb. Mən dinşünas deyiləm, amma bir sosioloq kimi deyə bilərəm ki, cəmiyyətdə bu dəbin yayılması, yas adət-ənənələrində bu kimi halların təmtəraqlı şəkildə tətbiqi yaxşı hal deyil.

Əgər biz bir sosioloji sorğu keçirsək və ictimai rəyi öyrənsək, görərik ki, ictimaiyyətin əksəriyyəti bu halları yaxşı hesab etmir. Ancaq fərdi qaydada insanlar hər biri təmtəraqlı məzarın təşkilinə üstünlük verirlər".

Ekspert deyib ki, tanınan şəxslərin məzarlarının necə olması məsələsi onların ailəsinə aid bir məsələdir: 

"Lakin həmin şəxslərin məzarlarının sosial şəbəkələrdə müzakirəyə çıxarılması və paylaşılması düzgün deyil. Hüquqi baxımdan da bu, qanuni hal deyil. Bilirsiniz, istənilən halda bu, gənclərin və yeniyetmələrin təfəkküründə yaxşı təsir yaratmır və xoş iz buraxmır".

Qeyd edək ki, sosial şəbəkələrdəki ictimai müzakirələrdə kriminal avtoritetlərə təmtəraqlı qəbirüstü abidələr qoyulması əsas mövzulardan biri olub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top