Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

HADİSƏ 03 sentyabr 2025, 16:00
Astara rayonunda toyda dava düşüb, 32 yaşlı kişi həmyerlisinə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 29-da rayonun Çayoba kəndində yerləşən “Ümid” restoranında baş verib. 

Rayon sakini, 1993-cü il təvəllüdlü Nail həmin gün saat 19 radələrində restoranda keçirilən toy şənliyi zamanı Elmanın stol ətrafında oturan bəzi şəxslərlə əlbəəl görüşüb, ona uzaqdan salam verməsini bəhanə gətirib. 

Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə qarşı nalayiq ifadələr işlədib. 

O, Elmanın sinəsindən itələyərək, həmin nahiyəsinə bir dəfə yumruqla zərbə vurub. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, oktyabrın 29-da “Ümid” restoranında toy olub: 

“Toya mən də getdim. Məclis zamanı spirtli içki qəbul etdik. Toy məclisinə Elman da gəldi. Təxminən saat 19 radələrində Elman mən oturan masaya yaxınlaşaraq tanıdığı şəxslərlə görüşdü. Həmin vaxt mənə də biraz uzaq məsafədə olduğu üçün uzaqdan salam verdi. 

Mən də spirtli içki qəbul etdiyimdən Elmanın uzaqdan salam verdiyini özümə pis bildim. Buna görə də ona yaxınlaşaraq restoranın həyətinə getməyi təklif etdim. Həyətə gedən zaman biraz da aqressivləşdim. Elmana restoranın həyətində əgər gələrək salam verirsə, hamıya eyni formada salam verməli olduğunu irad kimi bildirdim. Sonra da sinəsindən tutdum. Ancaq vura bilmədim. Ətraflarında olan insanlar məni sakitləşdirdi. Biz bir-birimizdən ayırdılar. Elmanı vurmamışam, sinəsindən tutaraq mübahisə etmişəm. Ətrafda olan insanlar aramızdakı mübahisəni yatırıblar”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 600 manat miqdarında cərimə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top