“Hindistanın addımı ŞƏT prinsiplərinə ziddir” — Deputat

GÜNDƏM 02 sentyabr 2025, 10:18
“Şanxay Əməkdaşlıq Təşkilatı qlobal arenada böyük iqtisadi və siyasi gücünü özündə birləşdirən beynəlxalq təşkilatdır. Bu təşkilat 10 daimi üzv və 14 dialoq tərəfdaşını birləşdirir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ərazisi Avrasiyanın 60%-i, əhalisi dünya əhalisinin 42%-i olmaqla 3,5 milyard nəfərdən çox, Ümumdünya Daxili Məhsulunun 26%-ni əhatə edir. Şanxay Əməkdaşlıq Təşkilatı həm də Qlobal Cənubun aparıcı dövlətlərini özündə birləşdirir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, bu nəhəng təşkilatda daimi üzv kimi təmsil olmaq Azərbaycanın marağındadır:



“Təbii ki, ŞƏT Azərbaycan üçün yeni əməkdaşlıq imkanlarını qazandırmaqla xarici bazarlarımızın şaxələndirilməsinə imkan verəcəkdir. Bu təşkilatın lokomotivi olan Çin də Azərbaycanı ŞƏT-də üzv görmək istəyir. Ona görə də ölkəmizin üzvlüyünü irəli sürdü. Amma təəssüf ki, Hindistan ŞƏT-in ruhuna əks gedərək ölkəmizin üzvlüyünə namizədliyimizi blokladı. Bu, ŞƏT-in bəyan etdiyi qlobal təhlükəsizlik, sülh və əməkdaşlıq prinsiplərinə ziddir. Çünki ŞƏT-in prinsipləri üzvlərin iqtisadi maraqlarını siyasi intriqaların güdazına verməməsi üzərində qurulub.

Azərbaycan ərsəyə gətirdiyi Şimal–Cənub, Şərq–Qərb və Orta dəhlizi ilə ŞƏT ölkələrinə iqtisadi bağlantıların həyata keçirilməsi üçün daha səmərəli əməkdaşlıq imkanlarını təqdim edir. Azərbaycanın bu təşkilatda olması ŞƏT ölkələri üçün də çox faydalı olacaq. Hesab edirəm ki, ŞƏT-in növbəti sammitində Azərbaycanın üzvlüyü təsdiq olunacaq və ölkəmiz tamhüquqlu üzv olaraq təşkilatda təmsil olunmağa başlayacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top