Bakıda qonşuların söz davası cinayətə çevrildi — TƏFƏRRÜAT

HADİSƏ 27 avqust 2025, 12:30
Sabunçu rayonunda iki nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 10-da rayonun Zabrat qəsəbəsində baş verib. 

Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Firdovsi həmin gün saat 20 radələrində qəsəbədə yerləşən boş sahədə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Rəsulun üz nahiyyəsindən iki dəfə yumruqla zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Firdovsinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, təxminən 26 ildir Zabrat qəsəbəsində yerləşən ünvanda yaşayır: 

“Mənim həmin məhəllədə bu zamana kimi heç kim ilə aramda mübahisə olmayıb. Uşaqlığımdan bu yana çalışdığım üçün evdən səhər saatlarında çıxmışam, axşam qayıtmışam. Lakin sonuncu dəfə mayın 10-da, təxminən saat 20 radələrində evimin qarşısında olan zaman qonşuluqda yaşayan Rəsul adlı şəxs oradan keçdikdə mənə qarşı dodaqaltında nəsə dedi. Bu zaman Rəsuldan nə dediyini soruşdum. 

O, mənə qarşı aqressiv yanaşaraq nalayiq ifadə işlətdi. Mən də buna görə Rəsula qarşılıq verdim. Bundan sonra Rəsul üzərimə yeriməyə başladı. Rəsul yaxınlaşaraq yaxamdan tutdu, məni həyətimə doğru itələməyə başladı. Mən də buna görə əsəbləşdim və Rəsulun üz nahiyyəsindən iki dəfə yumruq ilə zərbə endirdim. Sonra Rəsul sinəmdən itələyərək məndən aralaşdı. Mən də evimə getdim”.

İş üzrə zərərçəkmiş Rəsulun sözlərinə görə, təxminən 25 ildir Zabrat qəsəbəsində yerləşən ünvanda yaşayır: 

“Mənim indiyə kimi həmin məhəllədə heç kim ilə aramda mübahisə olmayıb. Buna baxmayaraq sonuncu dəfə hadisə günü təxminən saat 20 radələrində işdən evə gələn zaman məhəllədə qonşumuz Firdovsi ilə qarşılaşdım. Həmin şəxslə salamlaşdım, yoluma davam etmək istədim. Bu zaman Firdovsi dayanmağımı dedi. Bundan sonra Firdovsi yaxınlaşaraq hadisədən iki gün öncə anası ilə birlikdə haradan gəldiyimi soruşdu. 

Mən isə həmin gün hüzrlərimiz olduğunu və ümumiyyətlə anasını görmədiyimi bildirdim. Firdovsi bu zaman yenidən özü barəsində nə isə danışıb-danışmadığımı soruşdu. Mən isə Firdovsi barəsində heç bir söz demədiyimi bildirdim.  Firdovsi anidən üz nahiyəmdən yumruq ilə 2 dəfə zərbə endirdi. Zərbənin təsirindən büdrəyərək yıxıldım. Firdovsi yenidən üzərimə gəlmək istəyən zaman onu  itələyərək aralaşdım. Sonra evimə gəldim. Bundan sonra hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə  məlumat verdim. Hazırda aramızda barışıq əldə edilməyib”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Firdovsi aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 13:56
27 avqust 2025, 12:45
Top