ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub — Millət vəkili

GÜNDƏM 26 avqust 2025, 16:31
“Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə rayona köçən sakinlərlə görüşən zaman Azərbaycanla Ermənistan arasında  Ağ Evdə imzalanan bəyannaməyə xüsusi olaraq toxunub. Ağ evdə imzalanan bəyannamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir”.

Bunu Demokrat.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

 O bildirib ki, bu sənəd, uzun illər davam edən gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasına zəmin yaradır:

“Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Konstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəaların çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır.  Amerikada imzalanan bəyannamə təkcə logistik təhlükəsizliyi deyil, həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək. Eyni zamanda tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcəkdir.  ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığa doğru irəliləyir. Cənab Prezidentin Vaşiqtona səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi”.

Millət vəkili əlavə edib ki, Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı:

“Ermənistan öz konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideri  Vaşinqtonda bu məqsədinə də nail oldu. Münaqişə dövrü arxada qalır, yeni mərhələ - dayanıqlı sülh, qarşılıqlı hörmət, rifah və inkişaf mərhələsi başlayır. Sazişdə nəzərdə tutulan sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlığın inkişafı kimi müddəalar insanların yaşamaq hüququnun, hərəkət azadlığının, mülkiyyət hüququnun və digər fundamental hüquqlarının reallaşdırılması üçün geniş imkanlar yaradır. Ümumiyyətlə, 2025-ci il avqustun 8-də sülh sazişinin paraflanması təkcə iki dövlət arasında münasibətlərin normallaşdırılması deyil, eyni zamanda, mühüm siyasi sənəd kimi tarixə düşdü”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 16:29
Top