"Məktəb avtobusları" müsbət dəyişikliklər gətirəcək — Deputat

GÜNDƏM 21 avqust 2025, 17:33
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair "2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur.

Bu barədə Demokrat.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində yaxşı mənada ciddi dəyişikliklərə səbəb olacaq:

"Bu sistemin tətbiqi bir neçə mühüm aspektdə müsbət təsir göstərəcək. Xüsusilə şagirdlərin təhlükəsizliyi və nəqliyyat sıxlığının azaldılması baxımından faydalı olacaq. Həmçinin bu, valideynlər üçün də əlavə rahatlıq olacaq. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məktəb avtobuslarının tətbiqi həm şagirdlərin rahatlığına, həm də şəhər infrastrukturunun daha səmərəli işləməsinə xidmət edir.

Mən deyərdim ki, ibtidai və orta məktəb şagirdləri üçün bu sistem vacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan tək istifadə edə bilmirlər. Əslində şagirdlərin valideyinlər tərəfindən fərdi avtomobillərlə məktəbə aparılmasınin şəhər nəqliyyatında sıxlıq və xaos yaratması məktəb avtobuslarının əhəmiyyətini bir daha göz önünə gətirir. Avtobuslar xüsusi marşrutlarla hərəkət etdiyindən şəhərdə tıxac da azalacaq, məktəblilər də vaxt itirməmiş olacaqlar.

Elə ekoloji baxımdan da məktəb avtobuslarının istifadəsi böyük üstünlüklər vəd verir. Şəhər daxilində fərdi avtomobillərin çox olması təkcə tıxac yaratmır, həm də havanın çirklənməsinə səbəb olur. Şəxsi avtomobillərlə müqayisədə məktəb avtobusları daha çox şagirdi eyni vaxtda daşıdığından ekoloji tarazlığı da qorunacaq. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələrdə tətbiq edilir və şəhər ekosisteminin gündən günə yaxşılaşmasına gətirib çıxardığı da müşahidə olunur".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 18:42
Top