Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirildi — FOTOLAR

MƏDƏNİYYƏT 21 avqust 2025, 11:36
Avqustun 20-də Azərbaycanın dünyaşöhrətli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun (1912–1984) anadan olmasının 113-cü ildönümü tamam olub.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirlyindən məlumat verilib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı  ilə həmin gün axşam M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda Niyazinin xatirəsinə həsr olunan möhtəşəm konsert keçirilib.

Konserti rəsmilər, ictimaiyyət nümayəndələri və musiqisevərlər izləyiblər.

Əvvəlcə sənətşünas Leyla Quliyeva səhnəyə çıxaraq Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. 

Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, solistlər Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.

Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.

Bütün musiqi nömrələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Konsertin məqsədi unudulmaz dirijor və bəstəkar Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 14:21
Top