"Dörd günlük iş həftəsinə keçid mümkün deyil" — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 20 avqust 2025, 15:17
"Bəzi ölkələrdə son dövrlər dörd günlük iş həftəsinə və gündə altı saatlıq iş gününə keçid tətbiq olunur". 

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Ekspertin sözlərinə görə, sosioloji araşdırmalar göstərir ki, insanlar daha az işləyərkən məhsuldarlıq baxımından daha effektiv olurlar:

"Təcrübələr göstərib ki, gündə altı saat, həftədə dörd gün işləyənlərin verdiyi məhsuldarlıq, səkkiz saatlıq və ya altı gün işləyənlərin məhsuldarlığından daha yüksək olur. Bu, iqtisadiyyat, biznes, dövlət və cəmiyyət üçün faydalıdır, həmçinin insanların ailə, istirahət və sağlamlığına daha çox vaxt ayırmasına imkan verir".

O, bildirib ki, sovet dövründə belə bir proqram nəzərdə tutulmuşdu ki, inkişaf mərhələsinə uyğun olaraq dörd günlük iş həftəsinə keçilsin:

"Lakin bir çox ölkələrdə bu sistemi tətbiq etmək hələ də çətin hesab olunur. Azərbaycanda isə hələ beş günlük, səkkiz saatlıq iş sistemi də tam tətbiq edilməyib. Bir çox şirkət və dövlət müəssisələrində işçilər 12–16 saata qədər işləyir, bu isə əmək istismarına və cəmiyyətin psixoloji sağlamlığına mənfi təsir göstərir".

Sosioloq bildirib ki, dörd günlük, altı saatlıq iş həftəsinə keçidin faydaları çoxsaylı təcrübələrlə sübut olunub:

"Danimarka, Kanada, Rusiya kimi ölkələrdə aparılan uzunmüddətli təcrübələr göstərir ki, belə sistem işçilərin məhsuldarlığını artırır, iqtisadiyyata və dövlətə fayda gətirir, cəmiyyətin sağlamlığına müsbət təsir edir".

Ekspert qeyd edib ki, yaxın illərdə Azərbaycanda bunun tətbiqi real görünmür:

"Əvvəlcə ölkə üzrə beş günlük, səkkiz saatlıq iş sisteminin istisnasız tətbiqi və qanun pozuntularına ciddi nəzarət təmin edilməlidir. Əmək hüquqlarının qorunması, işçilərin istirahət və məzuniyyət hüquqlarının təmin edilməsi olmadan dörd günlük iş həftəsinə keçid mümkün deyil".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 19:30
Top