Hacıqabulda sərxoş kişi arvadını döydü

HADİSƏ 19 avqust 2025, 11:27
Hacıqabul rayonunda 48 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 18-də baş verib. 1977-ci il təvəllüdlü Əsəd sərxoş vəziyyətdə həmin gün saat 20 radələrində yaşadıqları evdə arvadı Südabə (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış münaqişə zamanı arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla düşmənçiliyi və ədavəti olmayıb: “Fevralın 18-də, saat 13 radələrində Hacıqabul şəhərində dəmiryol vağzalının yaxınlığında yerləşən kafedə yemək yeyən zaman 0,5 litr spirtli içki qəbul etdim. İçkinin təsirindən sərxoş vəziyyətdə olmuşam. Həmin gün saat 20 radələrində yaşadığım evə getdim. Sərxoş vəziyyətdə olduğum üçün stolun üzərində olan qabları vuraraq sındırdım və əsəbləşərək arvadımın sağ əlinə bir yumruq zərbəsi vurdum. Oğlum araya girdi və bizi aralaşdırdı”.

Bu cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əsədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top