Politoloq: “Kreml nə Azərbaycanı, nə də Ermənistanı bağışlaya bilmir”

XARİCİ SİYASƏT 06 avqust 2025, 16:35
"Rusiya tərəfi münasibətlərin ən yaxşı olduğu zamanlarda belə provokativ addımlar atıblar".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, bildirib ki, bu gün xüsusilə rusiyalı rəsmilərin dilindən bəyanatlar səsləndirilir, media subyektlərinin qərəzli yazılarında, dırnaqarası ekspertlərin fikirlərində "Artsax" və bu tipli bitmiş ifadələr yer alır:

"Bu təəccüblü deyil, Rusiyanın uzun illər tətbiq etdiyi təzyiq vasitəsidir. Faktiki olaraq 44 günük müharibə ilə Azərbaycan torpaqlarını işğaldan azad etdi, lokal xarakterli antiterror əməliyyatları fonunda isə birmənalı şəkildə suverenliyimiz bərpa edildi və Azərbaycan bundan sonra inteqrasiya prosesi elan etdi. 

Bu o deməkdir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olmaq üçün müəyyən şərtlər var ki, yerinə yetirib qala bilərdilər. Amma öz iradələri ilə getməyi seçdilər".

Politoloqun sözlərinə görə, bu hadisələr Rusiyanın iradəsi xaricində olduğu üçün Kreml bunu nə Azərbaycana, nə də Ermənistana bağışlaya bilmir:

"Bu gün faktiki olaraq iki ölkə arasında uğurlu danışıqlar prosesinin şahidi oluruq. Tarixi dövrün ərəfəsində sülh sazişinin imzalanmasına bəlkə də çox az bir müddət qalıb. Heç nə olmasa belə, sülh sazişi ətrafında real danışıqlar gedir. Bunların olduğu bir dövrdə Rusiya artıq heç bir effektivliyi olmayan vasitələrə əl atır".

Ekspert bildirib ki, bu tip açıqlamalar indiki məqamda xüsusi bir çəki yaratmır, əksinə, ikrah hissi yaradır:

"Rusiya zamanla bundan da istifadə edə bilməyəcəyinin fərqində olacaq. 
Bu gün real geosiyasi vəziyyət dəyişib. Azərbaycan Cənubi Qafqazda aparıcı, reallıqları tənzimləyən ölkədir. Rusiyanın bəyanatları həqiqətən də təsirsiz, effektsizdir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 avqust 2025, 18:59
Top