"Crocus" terrorçularının gizli adları AÇIQLANDI

DÜNYA 06 avqust 2025, 13:07
Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı işin təqsirləndirilən şəxslərinin istifadə etdikləri ləqəblər istintaq tərəfindən müəyyən edilib.

Demokrat.az xəbər verir ki, bu barədə aif.ru məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Məlum olub ki, bəzi təqsirləndirilən şəxslər eyni ləqəblərdən istifadə ediblər.

Terror aktını bilavasitə həyata keçirən Şamsiddin Fariduni, Dalercon Mirzoyev, Murodali Raçabalizoda və Muhammadsobir Fayzov konspirasiyanı təmin etmək məqsədilə bir-birilərini müvafiq olaraq "Abdullo", "Suxrob", "İbrahim" və "Solex" adlandırıblar.

Öz növbəsində, Yakubconi Yusufzoda "Yakub", Muhammad Şaripzoda "Abu Xatob", Umecon Soliyev "Muhammad", Şahromcon Qadoyev isə "Anas" ləqəbləri ilə tanınıblar. Hazırda axtarışda olan Alohimxon Bekov "Abu Munzir" ləqəbi ilə çağırılıb.

Diqqət çəkən məqam odur ki, Nazrimad Lutfulloi və Cumaxon Qurbonov eyni ləqəbdən - "Akbar" adından istifadə ediblər.

Bundan əlavə, Mustakim Soliyev və Zubaydulla İsmoilov özlərini "Sobir" kimi təqdim ediblər.

Qeyd edək ki, bundan əvvəl xəbər verilmişdi ki, terror aktını həyata keçirənlər bir-birilərinin əsl adlarını bilməyiblər. Onlar ləqəblərdən və xüsusi danışıq ifadələrindən (jarqon) istifadə ediblər.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

2025-ci il avqustun 4-də İkinci Qərb dairə hərbi məhkəməsi "Crocus City Hall"da terror aktı ilə bağlı işdə təqsirləndirilən 19 nəfərin həbs müddətini uzadıb. Onlar 2026-cı il yanvarın 7-dək həbsdə saxlanılacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top