Ukraynadan gətirilən ucuz mal əti keyfiyyətlidir? — AÇIQLAMA

GÜNDƏM 05 avqust 2025, 17:17
"Ukrayna və digər ölkələrdən, xüsusən də Monqolustandan Azərbaycana, İrana və digər müsəlman ölkələrinə külli miqdarda ət məhsulları idxal olunur. Xüsusilə Monqolustandan qoyun əti, Ukraynadan isə son 8 ayda əsasən mal əti gətirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

"Aparılan araşdırmalara əsasən, məlum olub ki, Ukraynadan idxal olunan ətlərlə bağlı həmin təsərrüfatlarda azərbaycanlılar da məşğul olur. Ukraynada geniş, boş çöllər mövcuddur və bu, heyvanların keyfiyyətli otlaq şəraitində bəslənməsinə imkan verir. Nəticədə ət məhsulları daha ucuz başa gəlir.

Bununla yanaşı, Ukraynada müharibə şəraiti davam etdiyi üçün heyvanlar əsasən açıq otlaqlarda saxlanılır. Bu da məhsulun maya dəyərini azaldır. Ət idxalı və keyfiyyəti ilə bağlı məsələlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir".

O bildirib ki, əldə etdikləri məlumata görə, Ukraynadan gətirilən ət məhsulları keyfiyyət baxımından normaldır:

"Lakin qeyd edilməlidir ki, bəzi insanlar yalnız yerli və təzə (doğranmış) ətlərə üstünlük verirlər.Gömrük sərhədindən keçən bütün ərzaq məhsullarına Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət edir. Buna baxmayaraq, bəzən murdar olmuş heyvan ətinin və ya at əti kimi qadağan olunmuş məhsulların satışa çıxarılması halları istisna edilmir. Lakin bu, çox nadir hallarda və az miqdarda baş verir.

Xatırladım ki, bu kimi halların qarşısını almaqda ən effektiv fəaliyyət Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aiddir. Onlar bu istiqamətdə illər öncə konkret araşdırmalar aparıb, faktları ortaya qoyublar. Digər qurumlardan fərqli olaraq, yalnız cərimə etməklə kifayətlənməyib, cinayət işi açıb, həbslər də həyata keçiriblər.

Təəssüf ki, bu iş ardıcıl aparılmır. Məncə, bu sahədə məhz həmin quruma daha geniş səlahiyyətlər verilməli və onların fəaliyyəti davamlı olmalıdır. Çünki bazara düşə biləcək keyfiyyətsiz, ucuz ətlər, təəssüf ki, bəzi hallarda yuxarıda qeyd olunan təhlükəli ət siniflərinə aid ola bilər.

Bununla belə, gömrükdən keçən ətlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətdə saxlanılır və qiymət baxımından daha ucuz şəkildə Azərbaycana daxil olur".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top