Yardımlıda kafedə tanışların zarafatı cinayətlə nəticələndi — TƏFƏRRÜAT

KRİMİNAL 29 iyul 2025, 12:26
Yardımlı rayonunda kafedə iki nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Telavar kəndi ərazisində yerləşən “Kəklik” adlı kafedə baş verib. 

Rayonun Çanaqbulaq kəndinin sakini, 1980-ci il təvəllüdlü Çingiz Tağıyev heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Horonu kənd sakini Vüqar Yarıyevin sifət nahiyəsinə yumruqla bir zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Ç. Tağıyevin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olub: 

“Hadisə günü saat 15 radələrində Vüqar Yarıyev zəng edərək görüşdük. Birlikdə “Kəklik” kafesinə getdik. Kafedə yemək yeyib, domino oynadıq. Həmin vaxt Vüqar mənə söyüş söydü. Mən də əsəbləşdim və Vüqarın sifət nahiyyəsindən itələmək istəyərkən, yumruğum onun sifət  nahiyyəsinə dəydi. Vüqar burnundan xəsarət aldığı üçün ona köməklik göstərdim”.

İş üzrə zərərçəkmiş V. Yarıyevin sözlərinə görə, təqsirləndirilən şəxsi 4-5 il olar tanıyır:

“Biz yoldaşlıq etmişik və bir-birimizin evinə gedib-gəlmişik. Hadisə günü təqsirləndirilən şəxslə birlikdə kafedə yemək yeyərkən onunla zarafat etdim. Lakin Çingiz zarafatımı ciddi qəbul etdi və aramızda mübahisə yarandı. Həmin vaxt təqsirləndirilən şəxs yumruqla burun nahiyyəmə vurdu. Mən aldığım xəsarətdən burnum qanadı. Burnu qanadıqdan sonra Çingiz və digər şəxs mənə köməklik göstərdi. Daha sonra isə aldığım xəsarətlə bağlı xəstəxanaya müraciət etdim. Hazırda burnum sağalıb və Çingizlə münasibətlərim yaxşıdır”.

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Ç. Tağıyev 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddət ərzində yaşadığı Yardımlı rayonu Çanaxbulaq kəndində yerləşən fərdi yaşayış evini  təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 19:00-dan saat 07:00-dək tərk etməmək əsas vəzifəsi qoyulub. 

Bundan başqa, təyin olunan cəza müddəti ərzində Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 

Bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tapşırılıb. 
Həmçinin cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq barədə tapşırıq verilib. 

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top