Qonşular arasında dava düşdü, xəsarət alan var

KRİMİNAL 28 iyul 2025, 15:53
Tovuz rayonunda qonşular arasında mübahisə dava ilə nəticələnib, xəsarət alan var. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Tovuz şəhəri, Sadəddin Məmmədov küçəsində baş verib. 

Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Samir aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşusu Natiqin bel nahiyəsindən tutub və qaldırmaqla qüvvətlə yer səthinə qəsdən çırpıb. Ona alın və burun nahiyyəsinin qançır-şişkinlik halında xəsarətlər yetirib. 

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur: “Natiq adlı şəxs qonşumdur. Natiq ilə münasibətim yaxşı olub, aramızda ədavətlərimiz olmayıb. Hadisə günü axşam saat 22 radələrində aptekdən dərman aldım, yaşadığım evə tərəf getdim. Yaşadığım evə tərəf gələn zaman Tovuz şəhəri, Sadəddin Məmmədov küçəsində yolun kənarında Natiqin tanımadığım bir nəfər şəxslə söhbət elədiyini gördüm. Natiqin yanından keçən zaman onunla zarafat eləmək istədi. Zarafat eləməyimə əsəbləşdi. Onun bel nahiyəsindən tutdum və qaldıraraq yerə vurdum. Həmin vaxt Natiqin sifət və alın nahiyyəsi yerə dəydi, sifəti qanadı. Mən qorxdum və onu piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardım. Xəstəxanada həkim Natiqə ilkin yardım göstərdi. Bundan sonra onu götürərək yaşadığım evə gətirdim”.

İş üzrə zərərçəkmiş qismində danışan Natiqin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur: “Mənim Samir ilə münasibətim yaxşı olub, aramızda ədavətlərimiz olmayıb. Hadisə günü, axşam saat 22 radələrində əmim oğlu Aqil ilə Sadəddin Məmmədov küçəsində yolun kənarında dayanaraq söhbət etmişik. Biz söhbət eləyən zaman Samir ora gəldi. Samir məni gördü, zarafatlaşmaq istədi. Ona dedim ki, kimdir, mənimlə zarafat edir, bizim zarafatımız yoxdur. Ona evinə getməsini söylədim. Samir isə gələrək bel nahiyəmdən tutdu, qəsdən məni qaldıraraq yerə vurdu. Həmin vaxt sifət nahiyəm yerə dəydi. Alın və burun nahiyəmdən  xəsarət aldım. Sonra Samir isə məni yerdən qaldırdı və üzrxahlıq elədi”.

Natiq bildirib ki, daha sonra Samir onu piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıb: “Xəstəxanada həkim mənə ilkin yardım göstərdi. Xəstəxanada olan zaman Samirdən şikayətim olmadığı üçün həkimə yıxılaraq xəsarət almağım barədə məlumat verdim. Mən xəstəxanada müalicə olunduqdan sonra yaşadığım evə gəldim. Evdə olan zaman Samirin mənimlə maraqlanmadığını gördüm və bu səbəbdəndə Tovuz Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazdım”. 

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Sonuncu ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən Samirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top