Tərtərdə qadın oğlunu bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 25 iyul 2025, 16:55
Tərtər rayonunda ana və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 13 sentyabr 2023-cü ildə Tərtər şəhəri, H.Əliyev prospektində baş verib. 

Tərtər rayon sakini, 1965-ci il təvəllüdlü Xanım İmanova həmin ünvanda yerləşən kirayə yaşadıqları nömrəsiz fərdi yaşayış evinin qonaq otağında onunla birlikdə yaşayan oğlu, 1991-ci il təvəllüdlü Nahidlə mübahisə edib. 

Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evə gələrək anasını təhqir edib. Bu səbəbindən aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı həmin vaxt yemək bişirmək üçün yaşıl lobya bitkisi doğramaq məqsədi ilə əlində saxladığı bıçaqla zərərçəkmiş şəxsi döş qəfəsindən vurub. 

Hadisəni törədən X. İmanovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisənin necə baş verdiyini bilməyib: “Mən lobya doğrayarkən oğlum məni əsəbləşdirdi. Mən isə bıçağı oğlumun üzərinə atdım. Oğlu evə içkili gəlmişdi, mənim ata, anama qarşı təhqiredici sözlər dedi. Mən isə əsəbləşdim və əlimdə olan bıçağı oğluma tərəf atdım. Baş vermiş hadisəyə görə hələdə özümü bağışlaya bilməmişəm. Bıçağı atdıqdan sonra bıçaq oğlumun kürəyinə dəydi. Kürəyindən yüngül xəsarət aldı. Əməlimdən peşman olmuşam”.

Zərərçəkmiş şəxs qismində ifadə verən N. İmanovun sözlərinə görə. hadisənin baş verməsinin səbəbkarı özü olub: “Mən anama çox əziyyət vermişəm, anamın saçını ağartmışam. Evə gəldikdən sonra özümdə olmamışam, nə etdiyimi bilməmişəm. Anamı əsəbləşdirmişəm və anam da istəmədən mənə xəsarət yetirib. Anam hərbi hissədə aşbaz kimi fəaliyyət göstəribh və əsgərlər üçün yeməklər bişirib. Anam həmçinin aprel döyüşlərində aşbaz kim iştirak edib, əsgərlər üçün yeməklər hazırlayıb”. 

Zərərçəkmiş qeyd edib ki, onun ailəsi dağıldığı üçün spirtli içkiyə qurşanıb və hər gün spirtli içki qəbul edib6 “Anam mənə dəfələrlə içməməyimi və içkili şəkildə evə gəlməməyimi deyib. Mən isə heç vaxt anamın sözünə qulaq asmamışam və nəticədə səbəbkarı olduğum bu hadisə baş verib. Mən üst geyimimi dəyişmək üçün evə gəlmişəm. Anam ilə aramda 2 metr məsafə olub, anama qarşı qeyri-etik ifadələr işlədib. İçkili olduğum üçün işlətdiyim ifadələri xatırlamıram. Anam əsəbləşərək  bıçağı mənə tərəf atdı. Mən isə kürəyimi bıçaq gələn istiqamətə çevirdim və bıçaq kürəyimdən dəydi. Bıçaqdan yayınmaq məqsədilə kürəyimi çevirməmişdim, üst geyimimi dəyişərkən çevirmişdim. Anama qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə X. İmanovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top