"Mühafizə zonalarında heç bir tikiliyə şərait yaranmamalıdır"

GÜNDƏM 25 iyul 2025, 16:49
"Dəmir yolları yüksək riskli obyektlərdən biri hesab olunur və onların ətrafında dövlət tərəfindən mühafizə zonası təsdiqlənib. Mühafizə zonasında heç bir yaşayış və yaxud təsərrüfat obyektinin tikintisinə icazə verilmir. Təəssüf ki, son illər bəzi sahələrdə bu qaydalara məhəl qoyulmur və qanunsuz evlər inşa edilir. Bu, həm sakinlərin, həm də dəmir yolu nəqliyyatının təhlükəsizliyi üçün ciddi risklər yaradır". 

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

"Müəyyən risklər bunlardan ibarətdir, məsələn, qatar hərəkət trayektoriyasından çıxdığı halda, yaxın məsafədə yerləşən evlərə birbaşa zərbə dəyə bilər. Sürətlə hərəkət edən qatarın reysdən çıxması və yaxud yük vaqonlarının aşması texniki nasazlıq ətrafda yaxın məsafədə yaşayan evlərə və onların sakinlərinə ağır fəsadlar törədə bilər. Yük qatarları əksər hallarda tez alışan və partlayıcı maddələr daşıyır. İstənilən qəza və yaxud texniki problem nəticəsində yanğın və ya partlayış riski yarana bilər. Bu yaranan risk də ətrafda və yaxınlıqda yaşayan insanların həyatına böyük təhlükə yarada bilər. Qatarların yaratdığı titrəyiş səs və torpaq dəyişikləri zamanla insanların sağlamlığına zərər verir. Dəmir yoluna yaxın yaşayan evlərdən uşaqlar və sakinlər qatar yoluna daxil ola bilər. Bu da təbii ki, nəzarətsizlik səbəbindən baş verir. Öz növbəsində ölümcül nəticələrə səbəb ola bilər. İlk növbədə, dəmir yolunun mühafizə zolağında qanunsuz tikililər üzrə müvafiq monitorinqlər aparılmalıdır və bu qanunsuz evlərin siyahısı tərtib edilməli və həmin evlərin sahiblərinə orada yaranan risklər barədə maariflənmə işləri aparılmalıdır. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin sakinlərin alternativ yaşayış yerləri ilə təmin olunması və onların köçürülməsi təşkil olunmalıdır və orada yaşayan insanlar bunu bilməlidirlər ki, dəmir yoluna bu qədər yaxın məsafədə yaşamaq həyatları üçün böyük risk deməkdir. Təhlükəsizlik qaydalarına mütləq riayət etməlidirlər. Ümumiyyətlə, mühafizə zonalarında heç bir tikiliyə şərait yaranmamalı, sakinlər də buna maraqlı olmamalıdırlar".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top