Bu evlərin sahiblərinə də sənəd veriləcək — AÇIQLAMA

SOSİAL 25 iyul 2025, 10:39
“Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimovanın bu açıqlamasını çoxdan gözləyirdik. Biz dəfələrlə fikir bildirmişdik ki, əmlak amnistiyası olmalıdır, sənədsiz evlərin sənədlə təmin edilməsi ilə bağlı addımlar atılmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib. O bildirib ki, uzun araşdırmalardan sonra bu addım atıldı və 100 minə yaxın vətəndaş sənədlə təmin olunacaq:
“Bu o deməkdir ki, 500 minə yaxın sənədsiz evin bir hissəsi sənədlə təmin olunmuş olacaq. Birincisi, artıq həmin evlər miras kimi çıxış edə biləcəklər. İkincisi, həmin evlər mülkiyyət hüququnu təsdiq edən sənədə malik olduqlarına görə bank kreditlərində girov statusu ilə iqtisadi münasibətlərdə rol ala biləcəklər. Daha sonra bu əmlaklardan vergi yığılacaq, bu da büdcəyə təkandır. Eyni zamanda, bu evlər sığortaya cəlb oluna biləcəklər. Həmçinin bu evlərin sahibləri alqı-satqı edə, girov qoya və bu kimi qərarlar verə biləcəklər. Bu da ölkə iqtisadi inkişafına təkan verəcək, əmlak reyestrinin formalaşmasında rol oynayacaq.

Digər müsbət hal budur ki, kənd təsərrüfatı və digər təyinatlı torpaqların üzərində tikilmiş yaşayış evlərinə sənədlərin verilməsi ilə bağlı, torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı qərarların qəbulu gözlənilir. Bu da sevindirici haldır”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top