“Övladının neçənci sinifdə oxuduğunu soruşan olsa, karıxıb qalar”

SİYASƏT 20 iyul 2025, 17:00
Bu yaxınlarda radikal müxalifətin nəzarətində olan media qurumlarından biri belə başlıqla xəbər yaymışdı: “Çexiya Universitetinin rektoru həbsdə olan azərbaycanlı jurnalistlə bağlı çağırış etdi...”

Eyvah! Bəlkə də həmin rektordan soruşan olsa ki, övladın neçənci sinifdə oxuyur və ya hansı ildə ailə qurmusan, duruxub, karıxıb qalar. Amma baxın, “müəllim” tanımadığı jurnalist haqda necə bəlağətlə danışır, necə bülbül kimi ötür!

Ya dedi-qodu, ya donos, ya 700-lük çaxır, ya da sadəcə çay və kofe qonaqlığı müqabilində!

Çay söhbətini niyə qabartdım? Çünki mən, Avropa Şurası nümayəndə heyətinin tərkibində olarkən bəzi şeyləri öz gözlərimlə görmüşəm: Strasburqda, Plenar iclas salonu yerləşən binanın balaca bufeti vardı və bir də baxırdın, məsələn, ixtiyari ölkənin müxalifətçisi və ya hərdəmxəyal QHT sədri əlində kağız parçası, ora-bura fırlanır. Fırlanır və ardınca hansısa deputata nəyisə imzalatdırır. Mətn hazır, redaktə hazır, torba hazır. Yəni, qalırdı bircə qol çəkmək. Üstəlik, qol çəkəsi adama da yerindəcə 50 sentlik çay, 1 avroluq bulka almaq və bir az da söhbətə rəng qatmaq üçün insan hüquq və azadlıqları barədə yüngülvari hekayə qırıldadmaq yetərli idi ki, məsələ dərhal həllini tapsın.

Və...İndi də Belçika Nümayəndələr Palatası...

İyulun 17-də qətnamə qəbul edib. Qətnamə də nə qətnamə. Söz yığını. İftira külliyyatı. “Makalatura!”

Əvvəla, təklifim budur ki, məlum təsisat adını dəyişib “Ermənistanın Belçikadakı Nümayəndələrinin Palatası” qoysun. Çünki onların qəbul etdiyi qətnamənin hər abzasında, hər paraqrafında, hər cümləsində birmənalı və açıq sezilən erməni dəsti-xətti var. Daha dəqiq desəm: erməni lobbisinin ənənəvi üslubu!

İkincisi... Erməni cəfakeşləri və mirzələri buyurublar ki, demə bəs Azərbaycanın öz əzəli torpaqlarında separatçılara qarşı keçirmiş olduğu antiterror tədbiri həm milli, həm də beynəlxalq hüquqazidd addım və günahsız insanlara qarşı hücum (?) imiş!

Sözüm (cavabım) qətnamənin müəllifi, deputat Mişel de Magedhədir: Sənin əgər Qarabağda baş verən proseslərdən, gedişatdan ümumən, yəni az da olsa xəbərin varsa, şəxsən mənim üzümə lənət. Yoxdur! Kölgəndən, burnunun ucundan belə xəbərin yoxdur! Çünki xəbərin olsaydı anlayardın ki, haqqında danışdığın dünya da, BMT də, qanun da, milli və beynəlxalq hüquq da düz 30 il boyunca Azərbaycan ərazilərinin işğal faktı barədə bar-bar bağırıb və həmin işğalın erməni terrorçular, separatçılar tərəfindən reallaşdırıldığını rəsmən təsdiq edib.

Üçüncüsü... Sənəddə vurğulanır ki, “Qərbi Azərbaycan” kontekstində səsləndirilən bəyanatlar “hədə” xarakterlidir...

Bu da növbəti yalan və təxribat!

Kimə hədə gəlmişik? Nə zaman gəlmişik? Ərazi iddiasımı irəli sürmüşük? – Xeyr! Ermənistanın süverenliyinə yönəlik hansısa qərəz, şantaj xarakterli addımmı atmışıq? – Xeyr! Diplomatik skandalmı yaratmışıq? - Yenə də xeyr!

Yaxşı, bəs o zaman nədir sizin dərdiniz?!

Niyə insanların öz dədə-baba yurdlarına, əcdadlarının qəbrinə rahatca gedib baş çəkmək istəyini, arzusunu təhrif edirsiz, ağzınıza gələni danışırsız və hələ bu da azmış kimi məlum sərsəmləməni rəsmi sənəd formasına salırsız?

Belə “qırmızı” yalanlar danışanda utanıb-yerə girmək hissi sizdə heçmi baş qaldırmır?!

Nəhayət, dördüncüsü...

Qətnamənin icraçıları bu məqamda həqiqətən “gül vurublar” və qondarma “artsax” rəhbərlərinin, eyni zamanda onlarla bərabər həbs olunan cinayətkarların məhkəməsini “müəmmalı və qərəzli” adlandırıblar!

Oysa, bu bixəbərlərin, məlumatsızların, informasiya qısırlarının qulağına birilərinin mütləq pıçıldaması lazım. Ki, əgər belə narahatsınızsa, şübhəlisinizsə, o zaman məhkəməyə nümayəndə göndərin, prosesi yaxından izləyin, mövzuya dərindən köklənin.

Eyni zamanda baxın, eşidin, bilin və agah olun: Adamlar törətdikləri cinayətləri könüllü etiraf edirlər. Həm də fraqment - fraqment. Kadr - kadr. Anbaan.

Yəni, əməl də, günah da, sübut da ortalıqdadırsa, siz bunun əksini iddia edə bilməzsiz!

Siz Papadan artıq katolik ola bilməzsiz!

***

Nə isə...

Görünən budur, Avropanın saxta demokratiya carçıları ucbatından sözün bitdiyi yerə qədər gəlib çatmışıq.

Sözün də, hüququn da, ədalətin də.

Elə bu səbəbdən də dünya dövlətləri artıq kimsəyə güvənmir və sadəcə öz başına çarə axtarır.

Çünki məsləhəti, tövsiyəni Belçika parlamentariləri - fason biriləri verəsi olsa, o zaman gərək “femida müəllimə” əlindəki dəzgahı (çəkini) kəllə-mayallaq saxlasın.

Başı yerdə, ayaqları göydə...


Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyul 2025, 17:36
Top