Qubada tanışlar arasında dava — TƏFƏRRÜAT

GÜNDƏM 16 iyul 2025, 15:42
Quba rayonunda tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 16-da Quba şəhərində, “Qardaşlıq” parkının yaxınlığında baş verib. 

Quba rayon sakini, 1976-cı il təvəllüdlü Əfsən Qurbanov həmin gün saat 17:00 radələrində parkın yaxınlığında yerləşən qəbristanlıqda tanışı Əvəz Rəhimovla (ad-soyad şərtidir – red.) mübahisə edib. 

Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Ə. Rəhimovun qəsdən bədən nahiyəsindən yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Ə. Qurbanovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ə. Qurbanov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 16-da, təxminən saat 17:00-da “Qardaşlıq” parkının yaxınlığında yerləşən qəbristanlıqda zərərçəkmiş ilə aralarında  mübahisə yaranıb: “Bu vaxt Əvəzin bədən nahiyəsindən yumruq ilə vuraraq yerə yıxdım. Mübahisələrimiz təxminən 3-5 dəqiqə davam etdi. Bu vaxt ətrafda kənar şəxs olmayıb”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb. 

Hakim hökm çıxaran zaman bu halları nəzərə alıb. Ə. Qurbanovun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Qeyd edək ki, Ə. Qurbanov bundan əvvəldə məhkum olunub. O, həmin dövrdə Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.4 (oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 263.1-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə mühakimə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top