Dağlar, Tükəzban, Dua, Nənəş — Valideynlərin övladlarına belə ad verməsinin səbəbi nədir?

SOSİAL 15 iyul 2025, 15:52
Son illərdə yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb. Bu ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.  Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Ramon, Qəribəli adlarının isə hər biri bir uşağa qoyulub.

Azərbaycanda ötən il isə uşaqlara Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Xansuvar, Almagül, Ağaəmi, Ağadədə, Zərqələm, Qarakişi, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub. Badam və Binəli adları iki uşağa, Tarif üç, Əsğər adı isə beş uşağa verilib.

Sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, yeni doğulan uşaqlara verilən adlar cəmiyyətin kollektiv psixologiyasının aynasıdır:

“Valideynlərin əcnəbi və ya qəribə adlara yönəlməsi, əslində, qloballaşmanın və fərdiyyətçiliyin son məhsuludur. Onlar ya qlobal mədəniyyətin təsiri ilə, qlobal miqyasda tanınan xarici adlara yönəlirlər, ya da fərdiyyətçi, mən-mərkəzli instinktlərlə övladlarının fərqli, unikal adlarla adlandırılmalarına cəhd edirlər. Amma təəssüf ki, hər fərqlilik sosial qəbul baxımından üstünlük gətirmir, tam tərsinə, bəzən də gülüş və təəccüb doğurur. Digər tərəfdən, bu qəribə adlar, bəzən də valideynlərin şüuraltında yaşadığı postkolonial komplekslərin təzahürü olur. Necə deyərlər, müstəmləkə toplumunun əzilmiş, Stokholm sindromuna məruz qalmış istək və seçimləri. Yerli mədəniyyətin “köhnə” sayılması və xarici olan hər şeyin müasirlik simvolu kimi idealizə olunması”. 

Sosioloq əlavə edib ki, valideyn uşaq üçün ad seçərkən ona gələcəkdə “fərqlilik kapitalı” yığmağa çalışır:

“Qanunvericiliyə gəlincə, burada dövlətin liberal yanaşma sərgiləyərək valideynlərə uşağın adını seçməkdə geniş azadlıq verir. Dövlət, adətən, yalnız açıq şəkildə təhqiredici və ya cəmiyyətin mənəvi dəyərlərinə zidd olan adlara müdaxilə edir. Digər hallarda isə məsələ zövq və sağlam düşüncə sərhədində ilişib qalır. Qanun yalnız hüquqi çərçivəni müəyyən edə bilir, zövqsüzlüyü və ya qeyri-ciddiliyi, bayağılığı tam mənasıyla əngəlləyə bilmir. Valideynlər tərəfindən unudulmamalıdır ki, ad fərqliliyin yox, insanın mahiyyətinin göstəricisidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top