Bu simptomlar bir neçə həftə davam edirsə, mütləq həkimə gedin!

SOSİAL 14 iyul 2025, 13:12
Cərrahi əməliyyatlardan sonra bəzi insanlar emosional dəyişikliklər, gərginlik və ya yaddaş pozuntusu kimi hallarla qarşılaşa bilirlər. Bu vəziyyətlər bəzən narkozun sinir sisteminə təsiri ilə əlaqələndirilir.

Anestezioloq Ruslan Qasımov bununla bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, cərrahi əməliyyatlardan sonra bəzi pasiyentlərdə emosional dəyişikliklər, yaddaş pozuntuları və əsəbi gərginlik halları müşahidə olunur:

“Bu hallar əsasən narkozun sinir sistemi üzərindəki müvəqqəti təsiri, əməliyyatın travmatik xarakteri və bədənin stressə reaksiyası ilə bağlıdır. Narkoz zamanı beyindəki neyronların fəaliyyəti süni şəkildə ləngidilir. Əməliyyatdan sonra bu neyronların əvvəlki fəaliyyətinə qayıtması bir müddət tələb edə bilər. Xüsusilə yaşlı insanlarda, əvvəlcədən nevroloji və ya psixoloji problemi olan şəxslərdə, bu dəyişikliklər bir qədər daha uzunmüddətli və nəzərəçarpan ola bilər. 

Əksər hallarda bu dəyişikliklər keçicidir və bədən tam sağaldıqca, sinir sistemi də balansına qayıdır. Lakin əgər bu simptomlar bir neçə həftədən çox davam edirsə, mütləq nevroloq və ya psixoloq müayinəsi tövsiyə olunur. Narkozdan sonra sinir sistemində müəyyən dəyişikliklər baş verə bilər, lakin bu, çox vaxt müvəqqətidir və düzgün bərpa prosesi ilə aradan qalxır. Hər bir pasiyentin fərdi xüsusiyyətlərinə görə bu prosesin müddəti və intensivliyi dəyişə bilər”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top