Bakıda gecəyarısı dava: Sevgililər bir-birlərinə xəsarət yetirdilər — TƏFƏRRÜAT

HADİSƏ 14 iyul 2025, 10:51
Bakının Nizami rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətə səbəb olub. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən mənzillərdən birində baş verib.

Salyan rayon sakini, 1986-cı il təvəllüdlü İmran Səlimov həmin gün gecə saat 00:30-da qeyri-rəsmi nikah münasibətində olduğu Sura (ad-soyad şərtidir – red.) ilə birlikdə yaşadığı evdə onun “votsap”da başqa bir oğlan ilə mesajlaşmasını aşkar edib.
Bu səbəbdən onların aralarında mübahisə baş verib. 

Mübahisə zamanı o, təpik və dirsəyi ilə zərərçəkmiş şəxsin sifət, bədən nahiyəsindən bir neçə dəfə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, təxminən 3 ildir zərərçəkmiş şəxs ilə qeyri- rəsmi ailə həyatı qurub: 

“Hadisə günü, gecə saat 00:30-da Sura telefonda başqa oğlan ilə “votsap”da mesajlaşdığını gördüm. Bundan sonra aramızda mübahisə başladı. Sura mənə, mən də ona nalayiq ifadələr işlətdik. Bundan sonra bir-birimizin üzərinə gəldik. Sura məni, mən də onu vurmağa başladım. O, Əli ilə gözümə yumruq vurdu. Mən də dirsəyim ilə onun başına vurdum. Bundan sonra evdən çıxaraq getdim. Hadisə nəticəsində göz nahiyəmdən xəsarət almışam”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sura təqsirləndirilən şəxs ilə aralarında mütəmadi olaraq, son zamanlar isə demək olar ki, hər gün mübahisələr baş verib: 

“Məlum hadisə günü, saat 00:30-da müttəhim yaşadığımız ünvanda mənimlə nalayiq ifadələrlə,  söyüşlərlə mübahisə etməyə başladı. Buna səbəb odur ki, iş axtardığım üçün sosial şəbəkələrdə elan yerləşdirmişəm. Bundan sonra bir nəfər tanımadığım şəxs mənə “votsap”da mesaj göndərdi, normal qaydada iş ilə bağlı danışdım. Bu zaman yanımda olan İmran mesajları gördükdən sonra mənə söyüşlər söyməyə başladı”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra İmran onun  üzərinə gəlib, dirsəyi ilə sifət və qol nahiyəsinə, təpiklə isə sinə nahiyəsinə zərbələr endirib: 

“Mən də özümü müdafiə etmək məqsədi ilə əli ilə onun sifətinə vurdu, onu itələdim. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim. Hadisə nəticəsində sifət, qol və sinə nahiyəmdən xəsarət almışam”.

Sura ifadəsinin sonunda bildirib ki, təqsirləndirilən şəxs ilə barışın, ona dəymiş ziyan tam ödənilib. Onun ifadəsinə görə. Müttəhimi bağışlayıb, ona qarşı şikayəti yoxdur. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə hökm elan edən zaman onların barışmasını nəzərə alıb. 
Bu səbəbdən İmran Səlimovun barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Qeyd edək ki, İ. Səlimov bundan əvvəldə məhkum olunub. O, 2022-ci ildə Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq – təkrar törədildikdə), 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və  177.2.3-1–ci (oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinib. 
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top