Dubay görüşünə Rusiya və Qərbin təsir imkanları azdır — AÇIQLAMA

GÜNDƏM 09 iyul 2025, 16:32
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. 

Siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında davam edən gərgin münasibətlərin fonunda keçirilən Dubay görüşü, bu günə qədərki diplomatik proseslər içərisində sülhə ən yaxın təşəbbüs kimi qiymətləndirilə bilər:

“Hər iki tərəf arasında mövcud olan dərin fikir ayrılıqları və prinsipial məsələlərə baxmayaraq, bu görüş bir sıra mühüm məqamları ilə fərqlənir. 

İlk olaraq qeyd edilməlidir ki, Dubay görüşündə vasitəçi ölkələrin aktiv iştirakı yoxdur. Bu, danışıqları daha şəffaf və birbaşa edir. Birləşmiş Ərəb Əmirlikləri yalnız görüş üçün məkani təmin edən tərəf kimi çıxış edir. Bu da iki ölkə arasında səmimi dialoq üçün mühüm şərait yaradır. İkinci önəmli nüans ondan ibarətdir ki, bu görüşdə bütün əsas və hələ də açıq qalan məsələlər masaya yatırılır”. 

Siyasi şərhçi qeyd edib ki, bu, tərəflərin artıq real və konkret həll yolları axtarmağa başlamasından xəbər verir:

“Üçüncü və daha vacib amil isə regional və qlobal güclərin, xüsusilə Rusiya və Qərbin, habelə üçüncü maraq qruplarının prosesə təsir imkanlarının azaldılmasıdır. İki ölkənin bu təzyiqləri arxa plana ataraq öz təşəbbüsü ilə danışıqları davam etdirməsi, regionda yeni bir siyasi reallığın formalaşdığını göstərir. 

Dubay görüşündən dərhal sülh müqaviləsinin imzalanmasını gözləmək real deyil. Amma bu görüş bir mexanizmin qurulması, dəqiq yol xəritəsinin müəyyən edilməsi və sülhə doğru konkret addımların atılması baxımından mühüm mərhələ ola bilər. 

Dubay görüşü hər nə qədər yekun razılaşma ilə nəticələnməsə də, regionda sabitlik və qarşılıqlı anlaşma üçün atılan ən real və ümidverici addımlardan biri hesab edilə bilər”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 19:02
Top