Sosioloq: “Ailə uşağın ilk tərbiyə ocağı olmalıdır”

SOSİAL 08 iyul 2025, 16:18
Azərbaycanda uşaq və gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə həm fiziki, həm də mənəvi inkişafı təmin edən kompleks tədbirlər həyata keçirilir. Gələcəkdə sağlam, savadlı, milli dəyərlərə sadiq vətəndaşların formalaşması üçün bu sahədə ardıcıl işlərin aparılması mühüm əhəmiyyət kəsb edir.

Sosioloq Aynur Hacıyeva Demokrat.az-a açıqlamasında deyib ki, uşaqlara və gənclərə tariximizi, adət-ənənələrimizi, milli qəhrəmanlarımızı tanıtmaqla vətənpərvərlik ruhu aşılanmalıdır:

“Bu məqsədlə məktəblərdə və məktəbdənkənar müəssisələrdə müxtəlif tədbirlər, seminarlar və yarışmalar təşkil edilməlidir. Ailə uşağın ilk tərbiyə ocağıdır. Valideynlər övladlarına dürüstlük, məsuliyyət, əməksevərlik kimi keyfiyyətləri aşılamaqla onların mənəvi formalaşmasına təsir göstərirlər. 

Uşaqlara erkən yaşlardan dini və əxlaqi dəyərlər sadə və elmi formada izah edilməli, radikal düşüncələrdən uzaq saxlanmalıdırlar. Klassik və müasir ədəbiyyat nümunələrinin oxunması, teatr tamaşalarının izlənməsi və yaradıcılıq dərnəklərində iştirak uşaqların dünyagörüşünü və estetik zövqünü formalaşdırır. 

Uşaq və gənclərin həm fiziki, həm də mənəvi inkişafı cəmiyyətin gələcəyinin təminatıdır. Bu istiqamətdə dövlət, məktəb, ailə və ictimai təşkilatlar birgə fəaliyyət göstərməlidir. Sağlam düşüncəli, milli dəyərlərə bağlı və fiziki cəhətdən güclü gəncliyin formalaşdırılması ölkənin sosial və mədəni inkişafına əhəmiyyətli töhfə verəcəkdir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top