Xaçmazda ər arvadını döydü —TƏFƏRRÜAT

HADİSƏ 07 iyul 2025, 13:50
Xaçmaz rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə sona çatıb. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Xaçmaz rayonunun kəndlərindən birində baş verib. 
Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrab Səmədov yaşadığı evdə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Arzunun (ad-soyad şərtidir – red.) üzünün hər iki nahiyəsinə, həmçinin dodaq nahiyəsinə sağ əli ilə qəsdən bir neçə dəfə yumruq zərbəsi vurub. 

Hadisəni törədən Z. Səmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Z. Səmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 10 ildən artıq müddətdir rəsmi nikah münasibətlərində birgə yaşayırlar və onların 3 övladı var: 

“Mən rəsmi olaraq heç yerdə işləmirəm. Lakin Xəzər dənizinin Xaçmaz rayonunun Sibir-oba kəndi ərazisinə düşən hissəsində balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə kömək etməklə məşğul oluram”. 

Müttəhim qeyd edib ki, hadisə günü, günorta saatlarında dəniz kənarından çıxaraq Xaçmaz rayonunun digər kəndində yerləşən evinə gəlib və yorğun olduğu üçün evin zalında olan divana uzanaraq yuxuya gedib: 

“Həmin gün saat təxminən 19:30-da arvadım Arzu evə daxil oldu. Arvadımın ayaq səslərini eşidərək yuxudan oyandım. Yuxulu olduğum üçün onun işdən gəlməsini unutdum və haradan gəldiyi barədə sual verdim. O, isə mənə aqressiv şəkildə cavab verdiyi üçün hiddətləndim. Əsəblərimə hakim ola bilmədim, onun üzərinə doğru yeriməyə başladım və ünvanına nalayiq ifadələr işlətdim. Bu zaman arvadımın cavab qaytardığı üçün sağ əlim ilə onun üzünün sağ nahiyəsinə yumruq zərbəsi vurdum”. 

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Arzu onun üzərinə qışqırıb: 

“Mən də onun üzünün sol nahiyəsinə, həmçinin dodaq nahiyəsinə yumruq zərbələri vurdum. Bundan sonra arvadım evi tərk etdi. Sonradan məlum oldu ki, Arzu Xaçmaz Rayon Polis Şöbəsinə gedərək döyülməsi barədə yazılı şəkildə məlumat verib”. 

Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən qadın ərinə qarşı şikayətini geri götürüb. 

Hakim hökm çıxaran zaman bu məsələni nəzərə alıb. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top