ABŞ Yaxın Şərqdə güc balansını dəyişir — Bizim regionu nə gözləyir?

GÜNDƏM 24 iyun 2025, 16:39
“ABŞ bizə qonşu olan Yaxın Şərqdə, xüsusən İsrail–Fələstin münaqişəsində aktiv rol oynayır. Bu fəallıq regionda güc balansını dəyişdirməyə yönəlib. Buna bənzər şəkildə ABŞ Cənubi Qafqazda da rolunu artırmağa çalışır. Amma bu proses daha məhdud və fərqli dinamikaya malikdir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, Trampa qədər – Co Bayden hökuməti dövründə bu rol daha çox ermənipərəst siyasət üzərində qurulmuşdu:



“Bu, açıq-aşkar sezilirdi və biz ümid edirdik ki, Tramp hakimiyyətə gəldikdən sonra bu siyasət dəyişəcək. Müəyyən mənada dəyişiklik var.

Cənubi Qafqaz Yaxın Şərqdən tamamilə fərqlənir, burada bir neçə güc mərkəzi var ki, öz mövcudluqlarını təmin etməyə çalışırlar. Məsələn, Rusiyanın hərbi, siyasi-iqtisadi təsirləri böyükdür – xüsusən Ermənistan, qismən isə Gürcüstan üzərində. ABŞ Gürcüstanda təsirə malikdir, Azərbaycanla iqtisadi və enerji sahəsində münasibətlərin inkişafında maraqlı olduğunu hər zaman bildirir. Amma hərbi və siyasi təsirləri yoxdur. Türkiyə Azərbaycanın əsas müttəfiqi kimi bölgədə rolunu artırıb və balansı müəyyən mənada dəyişə bilib”.

Deputat qeyd edib ki, ABŞ ilə yanaşı, Avropa İttifaqı da Rusiyanı bölgədən çıxarmağa çalışır:

“İndi Aİ ilə ABŞ arasında münasibətlər soyuyub. Amma Bayden dövründə hər ikisi tandem şəklində hərəkət edirdilər.

Bütövlükdə, ABŞ-ın Cənubi Qafqazda rolunun artması təbii ki, mümkündür. Bunun diplomatik yollarla baş verəcəyini təxmin etmək olar. Rusiyanı bölgədən çıxarmağa ABŞ qısa müddətdə nail ola bilməz, amma təsirini zəiflədə bilər. Ermənistanın siyasi kursunda Qərbə meyil güclənsə, Gürcüstan yenidən Qərblə münasibətləri yaxşılaşdırsa, Rusiyanın mövqeyi zəifləyər. Türkiyənin regionda rolu artır və bu da ABŞ-ın maraqlarına cavab verə bilər, nəticədə Türkiyə NATO üzvüdür”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top