Bu sahədə qanunvericilikdə boşluqlar var — Dövlət Komitəsi

GÜNDƏM 19 iyun 2025, 13:50
“Dövlət Komitəsi uşaqların müdafiəsi ilə bağlı mərkəzi siyasət aparır. Monitorinq işləri görülür, onlayn reydlər aparılır. Təəssüflər olsun ki, dünyada da bu proseslər gedir. Uşaqların – yəni 18 yaşına çatmamış şəxslərin əlində olan maliyyə hesabları (valideynlərinin hesabı, yaxud onlara birləşdirilmiş hesablar) sui-istifadə olunur. Uşaqlar üçün əlçatan olan bu hesablar bəzi oyunlarda maliyyə vəsaitlərinin xərclənməsi ilə nəticələnir ki, bu da ailə büdcəsinə təsir edən məqamlardandır”.

Bunu Demokrat.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyib. 



O bildirib ki, uşaqların hansısa maliyyə fırıldaqlarına cəlb edilməsi, onlardan sui-istifadə edilməsi hallarına mütəmadi şəkildə hüquq-mühafizə orqanları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  nəzarət edir:

“Bizim fikrimizcə, bu məsələyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yox, Mərkəzi Bank da diqqət ayırmalıdır. Böyük ehtimalla həmin qurumda da bu istiqamətdə işlər görülür.
Bu gün kiber-cinayətkarlıq və kiber-bullinq problemi aktuadır. 

Təəssüf ki, qanunvericilikdə bu sahədə – xüsusən cinayət məsuliyyəti ilə bağlı boşluqlar mövcuddur. Bununla bağlı tənzimləyici müddəalar yoxdur. Dövlət Komitəsi tərəfindən uşaq hüquqları strategiyası ilə bağlı yeni tədbirlər planı hazırlanır. Burada bütün bu məsələlər nəzərə alınacaq”.

Elgün Səfərov son olaraq qeyd edib ki, onlayn maliyyə xidmətlərinə nəzarət edən qurumların uşaqların hüquqları ilə bağlı monitorinqlər aparması məqsədəuyğun olar.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top