DİM sualları hər il çətinləşdirir — AÇIQLAMA

SOSİAL 11 iyun 2025, 15:34
"Bu il blok imtahanın ilk cəhdinin imtahan suallarının abituriyentlər tərəfindən narazılıqla qarşılanması tam təbii haldır. 

Xüsusilə, tarix fənnindən çətin tipli sualların sayı çox idi. 

İldən-ilə sualların eyni tipdə işlənməsi, illərdir test tipli imtahanın keçirilməsi sualların çətinləşdirilməsi ilə nəticələnir. 3-5 il bundan əvvəlki suallara baxdıqda indiki suallardan qat-qat asan olduğunu görürük.

Test modelinin uzun zaman istifadəsi oxşar testlərin yaranmasına səbəb verir. Bütün bunlar nəticədə abituriyentə zərər verir. İldən-ilə testlərin çətinləşdirilməsi düzgün atılan addım deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.

Ekspert bildirib ki, məsələ imtahanda təkcə sualların çətinliyi ilə yekunlaşmır:

"İmtahan suallarında mübahisə doğuran və qəbul proqramına uyğun olmayan suallar mövcud idi.  Bu, abituriyentlərin və müəllimlərin  səbr kasasını daşıran son damla oldu. 

Dövlət İmtahan Mərkəzi (DİM) bir sualı səhv sayaraq abituriyentlərin xeyrinə qərar verməsi müsbət hal olsa da, qurumun idarə edilməsində boşluğun olması ortaya çıxdı. Bu məsələlər DİM-in imicinə mənfi təsir edərək, əməkdaşlarının peşəkarlığını sual altında qoydu. Bütün bunlar hamısı abituriyentlərə birbaşa psixoloji travmadır. Yüzlərlə abituriyent ən yüksək nəticə uğrunda mübarizə aparırlar və belə hallar onların hədəflərinə çatmasına maneə olur. Nəticədə elə ali təhsilin astanasında olarkən abituriyentlərdə təhsil sisteminə inamsızlıq yaranır".

Qeyd edək ki, bu il keçirilən blok imtahanında sualların çətin olması böyük narazılıq doğurub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top