Bakıda skuterlərə qadağa qoyula bilər? — AÇIQLAMA

GÜNDƏM 03 iyun 2025, 18:35
"Son illərdə Bakıda velosiped və skuter istifadəçilərinin sayı artmaqdadır. Bir çox Avropa ölkəsində elektroskuterlərdən nəqliyyat vasitəsi kimi istifadə edilir. Bu cihazlar həm tıxac problemini aradan qaldırır, həm də təmiz havada səyahət etməyə şərait yaradır. Bakıda da bu, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə yönəlmə meyli gündən-günə artır. Lakin bu hal, eyni zamanda, bir sıra təhlükələrə də yol açır".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, avtomobil yollarına çıxan velosipedçilər və skuter sürücüləri bəzən həm özlərinin, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini riskə atırlar:



"Velosipedçilər və skuter sürücüləri təhlükəsizlik qaydalarına riayət etməli, qoruyucu avadanlıqlardan istifadə etməli və səkilərdə, xüsusi yollar üzərində hərəkət etməlidirlər.

Skuterlərin istifadə qaydası haqqında qanunda belə bir məqam var ki, yaşı 16-dan az olan vətəndaşların avtomobil yolunda elektrik skuteri idarə etməsi qadağandır. Lakin burada bir boşluq var. Hazırda yalnız avtomobil yolları üçün yaş tələbi mövcuddur. Səkilərdə, park və ya yaşayış məhəllələrində isə belə bir məhdudiyyət yoxdur. Bu da həm skuter sürücüləri, həm də piyadalar üçün təhlükəli vəziyyətlər yaradır. Elektrikli skuterlər 25–30 km/saat sürət yığa bilir, bu da ciddi təhlükəyə səbəb olmağa şərait yaradır".

Deputat qeyd edib ki, azyaşlıların və qaydaları bilməyən şəxslərin skuterlərdən istifadə etməsi həm özləri, həm də ətrafdakı insanlar üçün risklidir:

"Fikrimcə, yaş tələbi yalnız avtomobil yolları ilə məhdudlaşmamalıdır. Səkilər və digər ictimai yerlər üçün də müəyyən qaydalar tətbiq edilməlidir.

Həmçinin, ölkədə elektrikli skuterlərlə bağlı qanunvericilik hələ tam formalaşmayıb. Avtomobil yollarında yaş həddi göstərilsə də, ümumi istifadəyə açıq ərazilərdə boşluqlar var. Təhlükəsizlik üçün bu məsələlər tezliklə tənzimlənməlidir. Maarifləndirmə işləri aparılmalı, azyaşlıların qoruyucu vasitələrdən istifadə etməsi məcburi olmalıdır. Əks halda, bu nəqliyyat vasitəsi faydadan çox təhlükə yaradacaq".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top