Bu cür yanaşma təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi baxımından da əhəmiyyətlidir — Deputat

GÜNDƏM 30 may 2025, 16:23
“Bu məktub bir daha təsdiqləyir ki, ABŞ-nın yeni administrasiyası Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə real addımlar atmaq niyyətindədir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O əlavə edib ki, son dövrlərə qədər iki ölkə arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunurdu:

“Bu gərginliyin əsas səbəbkarı kimi ABŞ administrasiyasının, xüsusilə də Prezident Co Bayden və Dövlət Katibi Antoni Blinkenin birtərəfli yanaşması göstərilə bilər. Onların davamlı olaraq Ermənistana yönəlik dəstəyi və birtərəfli mövqeləri Azərbaycanla münasibətlərdə soyuqluq yaratmışdı. Lakin son müraciət və yanaşma onu göstərir ki, yeni administrasiya bu səhvləri anlayaraq münasibətlərin normallaşdırılmasına və inkişaf etdirilməsinə çalışır. Bu, həmçinin ABŞ-nın regiondakı maraqlarının qorunması baxımından da mühüm addımdır. Azərbaycan regionun əsas aktorlarından biridir və onunla sağlam münasibətlər Amerikanın strateji maraqları üçün də vacibdir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan tərəfi də hər zaman konstruktiv əməkdaşlıqda maraqlı olub:

“Qarşılıqlı hörmət prinsipi əsasında münasibətlərin daha da dərinləşməsini dəstəkləyir. Ümid edirik ki, yeni mərhələdə əvvəlki səhvlər təkrarlanmayacaq, birtərəfli mövqelərdən imtina ediləcək və ikitərəfli əməkdaşlıq daha da güclənəcək. Bu cür yanaşma təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından da əhəmiyyətlidir. Qarşılıqlı etimada əsaslanan münasibətlər həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində mühüm nəticələr verə bilər”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 28 May Müstəqillik Günü ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun məzmunu Vaşinqton-Bakı münasibətlərində yeni mərhələnin başladığı görünür. 

Trampın məktubunda Azərbaycanla ABŞ arasında münasibətləri bir neçə vacib istiqamət üzrə yüksək qiymətləndirir.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top