Bakıda 31 yaşlı oğlan anasına xəsarət yetirdi

KRİMİNAL 29 may 2025, 15:47
Bakının Nəsimi rayonunda 1994-cü il təvəllüdlü Pənah şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Elmiraya (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən mənzillərdən birində baş verib. 

Bakı şəhər sakini Pənah yaşadığı mənzilin qonaq otağında anası Elmira ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Pənahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elmira onun anasıdır: “Atam ilə anam 2002-ci ildə boşanıb. Həmin ildən anam məni və bacımı təkbaşına böyüdüb. Anam ilə ailə daxili müxtəlif səbəblərə görə mübahisələrimiz olur. Bir neçə ay olar ki, heç bir işlə məşğul deyiləm. Təxminən bir ay kreditlə aldığım avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşam.
Lakin bu işi bacara bilmədiyimə görə fəaliyyətimi dayandırdım. Gündəlik xərclərimi anam qarşılayır”. 

Pənah qeyd edib ki, hadisə günü yaşadığı mənzildə olarkən anası Elmiradan bərbərə borcu olduğunu bildirib və 10 manat istəyib: “Anam həmin məbləği mənə  verdi. Bir neçə dəqiqə sonra isə siqaret almaq üçün əlavə 5 manat istədim. Anam həmin məbləği istəməyərək verdiyinə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim və anamın bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq döydüm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elmiranın sözlərinə görə, Nadir ilə 1992-ci ildə ailə həyatı qurub, həmin nikahdan iki övladları var: “2002-ci ildə Nadirdən boşandım. Təqsirləndirilən Pənah mənim oğlumdur. Onunla 2015-ci ildən yola getmirik. Demək olar ki, Pənah hər gün mənimlə səbəbsiz yerə mübahisə edir. Pənah mütəmadi olaraq məndən gündəlik pul istəyir, pul vermədikdə mənimlə mübahisə etməyə başlayır və məni döyür”. 

Elmira bildirib ki, hadisə günü saat 21 radələrində Pənah ondan bərbərə getmək üçün 10 manat istəyib: “Mən də həmin məbləği ona verdim. Daha sonra əlavə 5 manat istədi. Həmin məbləği də ona verdim. Bundan sonra mənə məlum oldu ki, Pənah bacısı Fatimədən də pul istəyib. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Pənah əl zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü”. 

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pənah 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top