"Ümid edirik ki, Makron bu mövqeyində səmimidir" — Deputat

GÜNDƏM 20 may 2025, 19:30
Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı bildirib ki, Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir.

Bununla bağlı deputat Elman Nəsirov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Albaniya Respublikasının paytaxtı Tirana şəhərində 6-cı Avropa Siyasi Birliyi Sammiti keçirilib:

“Təxminən 50-yə yaxın dövlətin hökumət və dövlət başçıları bu tədbirdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev də bu sammitdə iştirak etmişdir. Qeyd edək ki, o, tədbirə Almaniyanın Kansleri və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən rəsmi olaraq dəvət alıb ki, bu da xüsusi bir ehtimadın göstəricisidir. Tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş də baş tutdu. Həmçinin Fransa Prezidenti Emmanuel Makronla ayaqüstü qısa bir söhbət oldu. Qeyd etmək lazımdır ki, Fransa Prezidenti Makron əvvəllər Ermənistan-Azərbaycan münasibətlərində açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirirdi. Lakin bu dəfə, nisbətən yumşaq mövqedən çıxış etdi və Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını dəstəklədiyini bəyan etdi. Makronun bu çıxışı sammit çərçivəsində oldu və ümid edirik ki, bu mövqeyində səmimidir”.

Deputat diqqətə çatdırıb ki, Paşinyan bir çox hallarda Makronun təsiri altındadır və Makrondan icazə almadan ciddi addımlar atmaqda çətinlik çəkir:

“Əgər Makronun mövqeyində real dəyişiklik olarsa, bu, Paşinyanı da sülh sazişi istiqamətində addım atmağa cəsarətləndirə bilər. Azərbaycanın mövqeyi isə hər zaman aydın olub. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalı, qarşılıqlı iddialardan imtina etməlidir. Eyni zamanda, Ermənistan ərazisində yaradılmış qondarma “Dağlıq Qarabağ” strukturlarının ləğv edilməsi, yəni separatçıların tamamilə təsirsiz hala gətirilməsi və sülhə mane olan hərbi-siyasi institutların aradan qaldırılması vacibdir. Əfsus ki, həm Makron, həm də Paşinyan tez-tez verdikləri bəyanatlarla əməli fəaliyyətləri arasında ziddiyyət nümayiş etdirirlər. Yəni, bir söz deyirlər, amma tamam başqa cür davranırlar. Bu da onların inamsız siyasətçi obrazını gücləndirir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 00:10
Top