"Fransanın sülh ritorikası ilə əməli fəaliyyəti üst-üstə düşmür" — Politoloq

DÜNYA 19 may 2025, 17:25
“Fransa uzun illərdir Cənubi Qafqazda guya sülhün təmin olunması istiqamətində səylər göstərdiyini bəyan edir. Lakin faktiki fəaliyyətlər və siyasi ritorika arasında ciddi uyğunsuzluq müşahidə olunur”.

Bunu politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallıq prinsipinə sadiq qalmalı idi:

“Lakin bu dövrdə də Fransanın Ermənistan yönümlü mövqeyi açıq şəkildə hiss olunurdu. Xüsusilə Prezident Emmanuel Makronun hakimiyyətə gəlməsindən sonra Fransa-Azərbaycan münasibətlərində gərginlik daha da artdı. Rəsmi Paris ardıcıl şəkildə Azərbaycana qarşı qərəzli mövqe sərgilədi, erməni lobbisinin təsiri altında siyasi ritorikasını sərtləşdirdi”.

Politoloq Avropa Siyasi Birliyinin Tirana şəhərində keçirilən sammitində maraqlı bir məqamın baş verdiyini diqqətə çatdırıb:

“Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə dialoq qurmağa can atdı. Bu, Fransanın verdiyi bəyanatlarla əməli fəaliyyətinin bir daha üst-üstə düşmədiyini göstərdi. Rəsmi Paris bir tərəfdən Ermənistanı silahlandırır, münaqişəyə təhrik edir, digər tərəfdən isə sülh tərəfdarı olduğunu bəyan edir. Bu cür davranışlar, xüsusilə də dərin siyasi və mədəni tarixə malik bir ölkəyə yaraşmır. Fransanın bu ziddiyyətli siyasəti ölkənin beynəlxalq imicinə də xələl gətirir.  Fransa rəhbərliyinin bu cür ziddiyyətli addımları dövlətin ciddiliyinə xələl gətirir. Prezident Makronun Tirana sammitindəki davranışı da bir çoxları tərəfindən "gülünc vəziyyət" kimi qiymətləndirilib”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top