"Bu görüşlər Azərbaycanın regionda artan geosiyasi və enerji əhəmiyyətini bir daha nümayiş etdirir"

GÜNDƏM 16 may 2025, 18:25
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.

Bu barədə siyasi şərhçi Əziz Əlibəyli  Demokrat.az-a açıqlama verib.

O deyib ki, Avropa Siyasi Birliyi (ASB) Avropa İttifaqının sərt və standartlaşdırılmış siyasətindən kənarda qalan maraqlı tərəflərlə daha çevik və hərtərəfli dialoqu təmin etmək məqsədilə yaradılıb:

“Bu platforma Avropanın müxtəlif maraq dairələrini bir araya gətirərək, ortaq müzakirə imkanları yaradır. Avropa İttifaqı çərçivəsində müəyyən maraq qruplarının, o cümlədən Azərbaycan əleyhinə fəaliyyət göstərən lobbi dairələrinin təzyiqləri müşahidə olunur. Bu xüsusilə Avropa Parlamentində Azərbaycanın maraqları əleyhinə qəbul edilən qərarlarda, o cümlədən sanksiya çağırışlarında özünü göstərir. AŞPA-da Azərbaycanın səs hüququnun dayandırılması da bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir. Bunun fonunda Avropa Siyasi Birliyi daha geniş əməkdaşlıq imkanları üçün mühüm platformaya çevrilir”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın bu təşəbbüsdə fəal iştirakı və Prezident İlham Əliyevin ASB çərçivəsində keçirilən görüşlərdə müntəzəm iştirakı ölkənin xarici siyasət uğurlarının əsas göstəricisi kimi dəyərləndirilir:

“Son olaraq, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti və Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə görüşüb. Bu görüşlər Azərbaycanın regionda artan geosiyasi və enerji əhəmiyyətini bir daha nümayiş etdirir. Xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın strateji tərəfdaş kimi rolu mühüm əhəmiyyət kəsb edir. Ermənistanda isə bu yaxınlaşma ciddi narahatlıqla qarşılanıb. Bu görüşlər Zəngəzur dəhlizi, sülh müqaviləsi, post-müharibə dövründə regional kommunikasiyaların açılması kimi məsələlərdə Azərbaycanın mövqelərinin güclənməsinə xidmət edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top