Politoloq: “Tramp onları küçəyə çıxarsa, vətəndaş müharibəsi olar”

SİYASƏT 23 aprel 2025, 17:10
ABŞ-də minlərlə insan prezident Donald Tramp və onun administrasiyasının siyasətinə etiraz etmək üçün küçələrə çıxıb. Etirazçılar hesab edirlər ki, Tramp vətəndaş azadlıqlarını və hüququn aliliyini heçə sayır, miqrasiya siyasətində həddindən artıq sərt addımlar atır, federal iş yerlərini ixtisar edir və bu davranışları ilə ölkə iqtisadiyyatına zərər vurur.

Maraqlıdır, bu hadisələr fonunda Trampa qarşı yenidən impiçment elan edilə bilərmi?

Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ-də bu cür etirazlar hər zaman olur:

“Müxtəlif prezidentlərə qarşı bu cür aksiyalar həyata keçirilib. Təbii ki, Donald Tramp kifayət qədər radikal siyasətçi olduğuna görə, onunla bağlı bu aksiyalar zaman-zaman keçirilir. Onun birinci prezidentliyi müddəti, 2016-2020-ci illərdə də bu cür aksiyaların şahidi olmuşuq. 

Trampın özünün də kifayət qədər tərəfdarı var. Tramp onları da küçəyə çıxarsa, bu zaman vətəndaş müharibəsi baş verə bilər. İndiki halda Trampın impiçment elan ediləcəyi və hansısa bir nəticəyə gələcəyini gözləmirəm. Trampın yürütdüyü  radikal siyasət istər bu xarici siyasətlə bağlı olsun, istər daxili siyasətlə bağlı olsun, Amerikanın özündə kifayət qədər narazılıq var. 

Həmçinin, dünya miqyasında da məhz Trampın siyasətinə görə ABŞ-ə kifayət qədər ciddi etirazlar var. Təbii ki, bu cür narazılıqlar olacaq. ABŞ-nin Trampa qədər həyata keçirdiyi ənənəvi bir siyasi kurs var idi. Onun hazırkı atdığı addımlar məhz ABŞ cəmiyyətinin əsas siyasəsinin arzuladığı məqamlardır. Ona qarşı gələnlər də olacaq, ancaq tərəfdarları da kifayət qədər çoxdur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 20:27
Top