TikTok-da kreativ müəllimlər: Müasir tədrisin yeni üsulu

SOSİAL 23 aprel 2025, 10:16
Son illərdə TikTok təkcə əyləncə platforması kimi deyil, eyni zamanda təhsil və öyrənmə üçün innovativ bir vasitə kimi də ön plana çıxıb. Xüsusilə müəllimlər TikTok-dan uğurla istifadə edərək biliklərini paylaşır və daha geniş auditoriya ilə əlaqə qururlar. 

Demokrat.az xəbər verir ki, TikTok videoları tədris materiallarının çatdırılması və hətta mürəkkəb mövzuların qısa, yaradıcı şəkildə izah olunması üçün çox populyar formata çevrilib. Orta və ali təhsil müəssisələrinin müəllimləri TikTok-da məzmun yaradaraq cəmiyyətə öz dillərində müraciət edir, trendləri izləyir və izləyicilərlə suallara cavab verərək fəal şəkildə ünsiyyət qururlar. Onlar tədrisə əyləncə qatmaqdan çəkinmir və artıq sinif otaqları ilə məhdudlaşmırlar.

Gəlin, TikTok-da müəllim stereotiplərini qıran, Azərbaycandan olan üç ilhamverici və yaradıcı müəllimlə tanış olaq:

@azerbaycandilialializada

Rəqəmsal dövr müəllimləri tədris metodlarını yenidən düşünməyə, daha yaradıcı və texnologiyaya uyğun yanaşma tətbiq etməyə təşviq edir. Bu innovativ yanaşmanı tətbiq edən müəllimlərdən biri də Bakı şəhəri, 121 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əli müəllimdir. O, TikTok hesabı vasitəsilə milli bayramlar, mənəvi dəyərlər, ədəbi nümunələr və qrammatik qaydalar haqqında müasir metodlarla danışır. Məqsədi yalnız məlumat ötürmək deyil, həm də şagirdlərin diqqətini saxlamaq, yadda qalan bir tədris prosesi yaratmaq və öyrənməni maraqlı etməkdir.

Trend videolar, musiqi və çağırışlardan istifadə edərək həm TikTok auditoriyasının diqqətini, həm də şagirdlərini bu prosesə fəal şəkildə cəlb edir. Bu yanaşma motivasiyanı artırır, öyrənməyə marağı gücləndirir və effektiv tədris mühiti formalaşdırır.

Şagirdləri fəxrlə müəllimlərini izləyir, bir çoxu onun videolarında iştirak edir – həm öyrənir, həm də əylənirlər. Onun məzmunları daima yüksək baxış sayı və müsbət rəylərlə seçilir. Xüsusilə sinifdə şagirdlərlə doğum gününü qeyd etdiyi video artıq 1 milyon baxışa yaxınlaşır.

@ali_feyziyev_muellim

Əli Feyziyev Azərbaycanda TikTok-da fəaliyyət göstərən ilhamverici müasir müəllimlərdən biridir. O, Azərbaycan dili və ədəbiyyatını şagirdlərinə sevdirərək onlara yalnız bilik deyil, motivasiya da aşılayır. Orta məktəbdə çalışan Əli müəllim dərslərində səmimi və dostyana mühit yaradır, şagirdlərinə özlərini ifadə etmək üçün şərait yaradır.

Ənənəvi metodlardan kənara çıxaraq, dərslərinə trendləri inteqrasiya edir və fənnini təbliğ etmək, şagirdlərini maraqlandırmaq üçün yaradıcı videolar hazırlayır. Bu yanaşma nəticəsində onun bir çox şagirdi imtahanlarda maksimum – 100 bal toplayır ki, bu da müəllimi qürurlandırır.

Müasir və yaradıcı təhsilin öncüllərindən biri kimi, Əli müəllim tədrisə sevgi, gənclərə isə dəyər qatır.

@sekinehesen

Səkinə Həsən kimya fənninə ehtirasla yanaşan, müəllimlik sənətinə müasir baxış gətirən bir pedaqoqdur. Səkkiz illik təcrübəyə malik olan Səkinə müəllimə bu illər ərzində təkcə şagirdlərin deyil, həmkarlarının da hörmət və rəğbətini qazanıb.

O, “sərt müəllim” stereotipini qıraraq, dərslərində isti və səmimi mühit yaradır. Şagirdlərlə qurduğu münasibət onun ən böyük üstünlüklərindəndir – onlar onu təkcə müəllim yox, həm də ilham və motivasiya mənbəyi kimi görürlər.

Səkinə Həsən kimya fənnini Azərbaycan, rus və ingilis dillərində tədris edərək fənnə beynəlxalq perspektiv qazandırıb. Onun çoxdilli və müasir metodları kimyanı daha anlaşılan və maraqlı edir.

O, sinif otağından kənarda da aktivdir – müəllimlər üçün təlimlər keçir, yeni tədris yanaşmalarını təşviq edir və həmkarlarına motivator kimi dəstək olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top