Tural Abbaslı: "3-5 il həbsdə qalmaqla dövlətdən oğurladıqları pulları "yumuş" olurlar"

GÜNDƏM 17 aprel 2025, 16:33
"Məmurlar korrupsiya hallarında ya işdən çıxarılır, ya da qısa müddətdə həbs  edilirlər. Ancaq büdcədən oğurlanan pullar büdcəyə qayıtmır. Bəzi hallarda dövlət əmlaka, maşına, iş yerinə əl qoysa da, bir müddət sonra həmin mallar məhkəmə yolu ilə geri qaytarılır. Ziyana düşən təkcə dövlət olur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. 

Sədr bildirib ki, dövlətə dəymiş ziyanın ödənilməsi ilə bağlı qanunvericilikdə kifayət qədər maddələr var:

"Ancaq korrupsiya ilə məşğul olan məmurların qohumlarının böyük hissəsi yüksək vəzifələrdə işləyir, məhkəmə sisteminə bu və ya digər formada təsir edə bilirlər. Buna görə də həmin maliyyə onlardan geri alınmır. 3-5 il həbsdə qalmaqla dövlətdən oğurladıqları pulları "yumuş" olurlar".

Tural Abbaslı qeyd edib ki, vətəndaşlarımız isə pandemiya dövründə maska taxmadıqları üçün 100 manat cərimələniblər:

"Baxmayaraq ki, dünyada artıq pandemiya yoxdur, hələ də cərimələr ödənir. Vətəndaş inzibati xəta törətsə, o pulu vətəndaşdan alana qədər əl çəkmirlər. Milyonlarla yeyinti edənlərdən isə bunlar tələb edilmir. Nəticədə xalq, dövlət itirir. Düşünürəm ki, belə məsələlərdə ədliyyə və hüquq-mühafizə orqanları qətiyyəti artırmalı, kiməsə qohumuna görə güzəşt edilməməlidir. Dövlətə dəyən ziyan qəpiyinə qədər ödənilməlidir. Həmin vəsaitlər heç kimin atasının deyil, xalqın, millətin malıdır". 


Qeyd edək ki, Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatında 461.6 milyon manata bərabər maliyyə pozuntuları aşkarlanıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top