Sərxoş kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 15 aprel 2025, 16:51
Şamaxı rayonunda 1972-ci il təvəllüdlü Ramil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 14 fevral 2024-cü ildə baş verib. Şamaxı rayon sakini Ramil həmin gün saat 18 radələrində yaşadıqları evdə arvadı Gülnar ilə aralarında yaranmış mübahisə zamanı onun baş və bədən nahiyəsindən yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gülnar ilə 2012-ci ilin sentyabr ayından rəsmi nigahla ailə həyatı qurub: “Həmin evlilikdən bir uşağımız var. Gülnarla əvvəllər münasibətlərimiz yaxşı olub, aramızda ədavət, dava-dalaş olmayıb. Son zamanlar çox spirtli içki qəbul etdiyim üçün arvadım ilə aramızda mübahisələr olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 14 fevral 2024-cü ildə, saat 18 radələrində evin yaxınlığında yerləşən marketdən yarım litrlik araq alıb və yolda 200 qramını içib, sonra evə gəlib: “Heç kimə heç bir söz demədim. Sakit şəkildə yataq otağına keçdim və yerimə uzandım. Sonra isə Gülnarı yanıma çağırdım. Bir iki dəqiqə keçdikdən sonra Gülnar yanıma gəldi. Mən isə uzandığım yerdən ayağa qalxaraq Gülnara "niyə gec gəldin" dedim. Gülnar isə cavab olaraq uşağa yemək hazırladığını və mənə “niyə içki içirsən”  dedi. Mən isə “niyə səsləyəndə yanıma gec gəlirsən, içki içirəm, yaxşı edirəm” dedim. Sonra isə aramızda mübahisə yarandı. Mən əsəbləşdiyim üçün və içkinin təsirindən özümü saxlaya bilmədim. Bir necə dəfə yumruqla Gülnarın baş və bədən nahiyyəsinə vurdum. Sonra isə səsimizə anam ataq otağına daxil oldu və bizim aramıza girdi, məni sakitləşdirdi. Sonra isə mən evin başqa otağına keçdim. Təxminən bir neçə dəqiqə sonra yaşadığım evə polis əməkdaşları yaxınlaşdı”. 

Ramilin ifadəsinə görə, Gülnara başqa heç bir qanunsuz hərəkət etməyib, həmin hadisə onun yaşadığı evdə baş verib: “Baş vermiş hadisə zamanı hadisə yerində mən və Gülnar olub. Bizim səsimizi anam eşidərək yaxınlaşdı və bizi ayırdı. Baş verən hadisə təxminən ümumilikdə bir neçə dəqiqə ərzində davam etdi. Hadisə baş verən zaman Gülnar mənə. qarşı heç bir qanunsuz hərəkət etmədi. Hər ailədə olduğu kimi bizim də aramızda mübahisələr olub. Spirtli içki qəbul edən zaman özümdə olmamışam və həmin vaxt içkinin təsirindən arvadıma vuraraq xəsarət yetirmişəm. Mənim hərəkətlərimi Gülnar yanlış anlayıb. Onu öldürməklə hədələməmişəm. Əməlimdən peşman olmuşam. Gülnarla barışmaq istəsəm də, o razılaşmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarın sözlərinə görə, son zamanlar həyat yoldaşı Ramil həddindən artıq spirtli içki qəbul edib: “Bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq etmişəm. Lakin Ramil spirtli içki qəbul etməyə davam etdi. Ramil spirtli içki qəbul edən zaman aramızda mübahisə yaranır, içki qəbul etməyən vaxtlarda aramızda heç bir mübahisə olmur”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, fevralın 14-də, saat 18 radələrində Ramil spirtli içki qəbul edərək evə gəlib: “Ramilin içkili olduğunu gördüm, ona heç bir söz demədim. Ramil isə sakit şəkildə yataq otağına keçdi. Bir neçə dəqiqə sonra mən yataq otağına keçdim. Onun  yataqda uzandığını gördüm. Sonra isə evin mətbəxinə gəldim, az yaşlı oğluma yemək hazırladım. Bu zaman Ramilin məni səslədiyini eşitdim. Mən isə cavab olaraq “bir iki dəqiqəyə gəlirəm” dedim. Bir iki dəqiqə keçdikdən sonra onun yanına getdim. Ramil isə uzandığı yerdən ayağa qalxaraq qışqırdı və “niyə gec gəldin, mən səni səsləyəndə yanıma tez gəlməlisən” dedi. Mən isə azyaşlı oğluma yemək hazırladığımı üçün gec gəldiyimi dedim. Ramil əsəbləşərək üzərimə gəldi və məni təhqir etməyə başladı. Mən isə Ramilə sakit olmasını dedim. Ramil isə üzərimə gələrək baş və bədən nahiyəmə yumruqla bir necə dəfə zərbələr vurmağa başladı. Mən isə qışqıraraq yan otaqda olan qayınanamı səslədim. Qayınanam gəldi və Ramili sakitləşdirdi. Mən telefonla Ağdam rayonunun kəndində yaşayan qardaşıma zəng vurdum, Ramilin məni döyməsini dedim. Qardaşım isə bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi. Daha sonra yaşadığımız ünvana polis əməkdaşları yaxınlaşdı. Mən Ramil tərəfindən döyülməm barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etdim”. 
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramil 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top