"Bu, üçüncü dünya müharibəsinə start deməkdir" — Politoloq

DÜNYA 15 aprel 2025, 16:03
“Birbaşa  olmasa da İranla ABŞ arasında danışıqlar başlayacaq. Pərdə arxasında bu danışıqlar gedir.  Hər iki tərəfdən hərbi gücün tətbiq ediləcəyi ilə bağlı bəyanatlar səslənsə də tərəflərdən gözlənti var ki, masada bu məsələləri həll etsinlər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib.

“İranı yalnız aviazərbələrlə ram etmək asan məsələ deyil. İrana qarşı quru əməliyyat isə riski çox böyükdür. Bu üçüncü dünya müharibəsinə start deməkdir. Bu baxımdan hesab etmək olar ki, İran da ABŞ-la hərbi qarşıdurmaya getməyəcək. Əlbəttə, lokal səviyyədə gərginklər, aviazərbələr mümkündür,  lakin qlobal, geniş müharibənin başlaması ehtimalı azdır. Digər vacib məsələ isə Türkiyə ilə münasibətlərdir. İsrailin ABŞ-dan əsas göləntisi ondan ibarətdir ki, Suriya ərazisindən onun təhlükəsizliyini təmin etsin. Bu barədə Türkiyə ilə razılaşma əldə olunmalıdır.  Həmçinin ABŞ Türkiyə ilə bu məsələdə açıq müzakirələrə başlamalıdır”. 

Politoloq diqqətə çatdırıb ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsində əsas rol ABŞ-nin olacaq:

“İsrailin Baş nazirin ABŞ-ya səfəri mühüm ərəfəyə təsadüf edir. İsrail öz nəzarətində olan qruplar formalaşdırmaqdadır və Türkiyə ilə ciddi rəqabət vəziyyəti yaranıb.  Həmçinin İranla bağlı bundan sonrakı addımların da müəyyənləşməsinə ehtiyac var, İsrailin bununla bağlı öz planları var. Yaxın bir-iki il üçün ümumi strategiyanın və strateji çərçivənin müəyyənləşməsi ABŞ-nın dəstəyindən asılıdır.  İsrail tək başına bu strateji vəzifələri həll etmək gücündə deyil. Bu baxımdan Trampla bu məsələləri koordinasiya etmək, ümumi ortaq hədəfləri müəyyən etmək vacibdir. Eyni zamanda Trampın Yaxın Şərq məsələsinə marağı da əvvəlki səviyyədə deyil. Ehtimal etmək olar ki, yaxın perspektivdə Tramp administrasiyasının əvvəlki hakimiyyəti dövründə olduğu kimi geniş bir planı açıqlansın.  Bu plan yalnız Fələstinlə bağlı deyil, həmçinin Yaxın Şərqdə münasibətlərin nizamlanması, Körfəz ölkələri ilə İsrail arasındakı münasibətlərin tənzimlənməsi, həmçinin İsrail üçün təhlükəsizlik mühitinin yaradılması ilə bağlıdır.  Digər vacib məsələ isə paralel olaraq İranla bağlı siyasətin müəyyən edilməsidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top