Sosioloq: "Evdən qaçan qızlar onları gözləyən təhlükənin fərqində olmurlar"

GÜNDƏM 14 aprel 2025, 15:47
"Evdən qaçan yeniyetmələrin əksəriyyəti ailədaxili təzyiqdən və zorakılıqdan bu addımı atdığını deyir. Ola bilər, ailə böyükləri arasında baş verən zorakılığa şahid olan yeniyetmə bu səbəbdən evdən qaça bilər, amma uşaqların internetin, virtual dostların və çevrənin, habelə real çevrəsinin təsiri altına düşməsi və evdən qaçmasına kənar təsirlərin olması faktı da var".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. 

Sosioloq bildirib ki, yanlış xəbərlərin təsirinə düşən yeniyetmələr var, hətta özünü öldürmə hədinə çatdırma halları da baş verir:

"Bunu nəzərə alaraq internet təhlükəsizliyi ilə əlaqədar işlər aparılmalıdır.Yeniyetmələrin bəzilərinin ona uyğun olmayan mühitə, dini sektalara düşməsi və oradan təsirlənməsi halları da olur. Evdən qaçan uşaqlar arasında 13-15 yaşlı yeniyetmələr üstünlük təşkil edir. Təcrübə göstərir ki, evdən qaçan uşaqlar çox vaxt yaşadıqları macəranı maraqlı, həyəcanlı günlər kimi ifadə edir. Üstəlik, statistika göstərir ki daha çox rayon və kənd yerlərində bu vəziyyətlər olur, evdən qaçan yeniyetmələr də daha böyük şəhərlərdə, qaynar həyatda tapılır. Yəni onlara cəzbedici gələn azadlığı meqapolisdə axtarmağa gedirlər. Siz bu günədək heç böyük şəhərdən qaçan, hansısa kəndə gedən yeniyetmə gördünüzmü?

Yaşlarından qaynaqlanan səbəbə görə, onlar evdən kənarda onları gözləyən təhlükə barədə çox az düşünürlər. Xüsusilə, qızlar onları gözləyən təhlükənin fərqində olmurlar, virtualdan tanış olduqları birinə rahatlıqla qoşulub gedirlər. Səbəbi hər nə olur-olsun yetkinlik yaşına çatmayan şəxslərin evdən getmələri təhlükəlidir. Ev ən etibarlı sığınacaqdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top