Özümüzü quduz itlərdən necə qoruyaq? — Ekspert açıqladı

GÜNDƏM 14 aprel 2025, 15:39
"Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib. Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar"

Bununla bağlı  təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, sürü halında müşahidə olunan və yaxud da quduz itlər kifayət qədər təhlükə riski daşıyır:

“Adətən bu cür itlər şəhər, qəsəbə, kənd və yaxud da rayonlarda günün qaranlıq saatlarında insanların daha az hərəkətdə olduğu yerlərdə azyaşlı və yaşlı insanlara sürü halında hücum edərsə, əlbəttə köməyə kimsə vaxtında çata bilməz. Xüsusən də insanların daha çox cəmləşdiyi yerlərdə bunlar olarsa, əlbəttə bu riski daha da artırmış olar. Təbii ki, bununla bağlı insanların özlərini müdafiə etmək üçün, qorumaq üçün ilk növbədə hansı ərazidə belə hallar yaranıbsa aidiyyatı üzrə müraciət etməlidirlər. İnsanların özlərinin də bilməli olduqları məqam var. Bu cür itlərə hər hansı bir taxta parçası ilə və yaxud da daş atıb onları qorxutmaq, daha da aqressiv hala gətirmək yol verilməzdir”. 

Ekspert bildirib ki, əgər it hücumu olarsa, arxanı itə çevirmək olmaz:

“Hündür yer varsa ora çıxmaq, nəqliyyat vasitəsi varsa içinə əyləşmək, qapalı bir yer varsa ora girmək lazımdır. Daha sonra əldə olan hər hansı bir çanta və yaxud da əldə hər hansı bir əşya ilə hücum zamanı özünü qorumaq olar. Əgər onlar da yoxdursa üzərimizdə olan bir gödəkçəni çıxardıb, onu hücumu zamanı istifadə etmək olar. Gödəkçə olmasa ayaqqabını çıxartmaq olar. Bunların hamısı insanın daha bir təhlükəsiz yer seçməsi üçün zaman qazanmış olur. Daha sonra ən əsas məqam isə bu cür itlərə qarşı xüsusi bir cihaz var, insanlar üçün əl çatandır. O cihazın vasitəsi ilə özlərini itlərdən qoruya bilərlər”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top