Bakıda Türkiyə və İsrail arasında danışıqlar BAŞLADI

XARİCİ SİYASƏT 10 aprel 2025, 14:39
Paytaxt Bakıda Türkiyə ilə İsrail arasında Suriyada arzuolunmaz hadisələrin qarşısını almaq məqsədilə gərginliyin azaldılması mexanizminin yaradılması üzrə ilk texniki danışıqlar keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk"ə Türkiyənin Milli Müdafiə Nazirliyinin mənbələri məlumat verib.

"Yeni hökumətin Suriyada tələblərinə uyğun olaraq, biz onların müdafiə qabiliyyətinin artırılmasına və bütün terrorçu təşkilatlarla, xüsusən də İŞİD-lə mübarizəyə dəstək veririk. Bu kontekstdə təlim məqsədləri üçün baza yaradılması ilə bağlı qiymətləndirmələr aparılır. Türkiyənin tək məqsədi Suriyanın ərazi bütövlüyü, sabitliyi və təhlükəsizliyinə kömək etmək və onu terrorizmdən təmizləməkdir. Ankara bunun üçün niyyətə, imkana və vizyona sahibdir. Bu məqsədlə həyata keçirilən və həyata keçiriləcək bütün tədbirlər, iki dövlət arasında əldə olunan razılaşma çərçivəsində, beynəlxalq hüquqa uyğun olaraq və üçüncü ölkələrə yönəlmədən həyata keçirilir", – açıqlamada bildirilir.

Tərəflər arasında aparılan bu ilk texniki danışıqlar, bölgədə artan gərginlik fonunda strateji koordinasiyanın vacibliyini bir daha gündəmə gətirib.

Görüşün Azərbaycan ərazisində baş tutması isə rəsmi Bakının regional diplomatiyada artan rolunu bir daha təsdiqləyir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən verdiyi açıqlamada rəsmi Bakının Türkiyə-İsrail münasibətlərində oynadığı rola diqqət çəkmişdi:

“Azərbaycan bu iki dost ölkə arasında əməkdaşlıq mühitinin qorunmasında mühüm vasitəçidir. Biz həm Türkiyə, həm də İsrail ilə yüksək səviyyəli tərəfdaşlığa malikik. Regionda sabitlik və təhlükəsizlik naminə belə üçtərəfli dialoqlara ev sahibliyi etməyə hazırıq”, – deyə dövlət başçısı vurğulamışdı.

Analitiklər hesab edirlər ki, Bakıdakı bu görüş regionda balanslaşdırılmış münasibətlər sisteminin qurulmasına xidmət edir. Türkiyə və İsrail arasında zaman-zaman baş qaldıran gərginliklərin fonunda belə bir görüşün Azərbaycanın vasitəçiliyi ilə baş tutması, Cənubi Qafqazın geosiyasi statusunu dəyişməkdədir.

Həmçinin qeyd olunur ki, İranla Qərb, eləcə də Rusiya arasında toqquşma riski artdığı bir dönəmdə Suriyada Türkiyə və İsrailin birbaşa toqquşmasının qarşısını almaq məqsədi ilə atılan bu addım regional sabitlik üçün mühüm siqnaldır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 15:00
Top