Deputat: “Pensiya yaşının azaldılması ailələrdə uşaqların sayının artırılmasına təşviq edə bilər”

SOSİAL 09 aprel 2025, 17:20
“Azərbaycanda 5 uşaqlı ailələr çoxuşaqlı ailə kimi qəbul edilib. Son dövrlər ictimai fikirdə bu sayın azaldılması ilə bağlı fikirlər müzakirə mövzusudur. Bununla bağlı ciddi araşdırmalara, mütəxəssis rəyinə ehtiyac var. Dövlət büdcəsi çərçivəsində məsələ araşdırılmalıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

Deputat bildirib ki, ailələrdə çox uşağın olmasına təşviq edilməsi baxımından uşaq sayı artdıqca qadınların təqaüdə çıxması yaşının azaldılması önəmlidir:

“İmtiyazlar genişləndirilməli, uşaq sayı artdıqca pensiyaya çıxmaq üçün tələb olunan minimum yaş azaldılmalıdır. Bu qərar ailələri uşaqların sayının artırılmasına təşviq edə bilər. Mən bu məsələyə həssas yanaşılmasının tərəfdarıyam. Son dövrlərdə bəzi obyektiv səbəblərdən ailələrdə bir, ən yaxşı halda iki uşaq doğulur. Bu da gələcəkdə əhalinin artım tempinə ciddi təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, iki və daha çox uşağın olması müəyyən mənada tarazlığı qoruyacaq. Keçmiş postsovet məkanında əhalinin artım sayına görə bir çox ölkələrdən geri qalırıq. Ailələrin uşaqların sayının artmasına təşviq edilməsi bu və ya digər şəkildə qanunvericiliyə yansımalıdır. Bu qərarlar əhalinin sayının artmasına, dövlətin hər baxımdan güclənməsinə rəvac verə bilər”. 

Qeyd edək ki, deputat Vüqar Bayramov ailədə uşaqların sayına görə pensiya yaşının azaldılmasını təklif edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 20:33
Top