Ankaradan bizi məyus edən addım — VİDEO

GÜNDƏM 21 mart 2025, 19:40
32 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi "humanitar yardım" bəhanəsi ilə açılır

Türkiyə-Ermənistan münasibətlərində son baş verənlər Azərbaycanda haqlı narahatlıq doğurur. 32 il bağlı qalan sərhədin açılması rəsmi olaraq “humanitar yardım” məqsədi ilə izah edilsə də, bu addımın arxasında uzun müddətdir planlaşdırılan və gizli şəkildə yürüdülən proseslərin olduğu gün kimi aydındır.

Azərbaycan bu qərarın qəbul edilməsi prosesindən kənarda saxlanılıb, müzakirələr bağlı qapılar arxasında aparılıb. Halbuki, bu məsələ təkcə Türkiyə və Ermənistanı deyil, həm də Azərbaycanın fundamental maraqlarını birbaşa əhatə edir.

İndiyə qədər bu siyasəti irəli aparan qlobal imperialist dairələr, erməni lobbisi və Aİ-nin təşəbbüsləri məlum idi. ABŞ-dakı siyasi dəyişikliklərə baxmayaraq, Türkiyədə bu planı həyata keçirmək istəyən qüvvələrin geri çəkilməməsi suallar doğurur.

Son dövrlərdə baş verən hadisələr – Ərdoğan-Paşinyan görüşləri, türkiyəli jurnalistlərin Ermənistana səfəri, sərhəd bölgəsinə marağın artması – bu prosesin uzun müddətdir planlaşdırıldığını göstərir.

Türkiyədə bəzi dairələr bu yanlışın fərqinə varmır və ya qəsdən görməzdən gəlir. Halbuki, bu addım təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının maraqlarına qarşı yönəlib. Azərbaycan torpaqları onilliklər boyu işğal altında qalıb, minlərlə insan həyatını itirib, şəhərlər viran qoyulub, tarixi-mədəni abidələr təhqir olunub.

Ermənistanın konstitusiyasında hələ də qonşu dövlətlərə ərazi iddiaları açıq şəkildə mövcuddur, gerbində Ağrı dağına yer verilib. Belə olan halda, Türkiyə hansı əsasla sərhəd açmaq qərarına gəlir?

Azərbaycan açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi təmin olunmadan Türkiyə-Ermənistan sərhədinin açılması qəbuledilməzdir. Türkiyə də bu vədi vermişdi. Ancaq bu gün verilən sözlərin havada qaldığı görünür.

Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərinə zidd olan bu addım, eyni zamanda türk dünyasının birliyi ideyasına da ciddi zərbə vurur.

Bu qərarın arxasında duran qüvvələr Türkiyənin strateji maraqlarını gözardı edərək, Ermənistanı regionda möhkəmləndirmək üçün çalışırlar. Ankaranın imperialist dairələrin və erməni lobbisinin təsiri ilə hərəkət etməsi, Azərbaycanın milli mənafelərinə qarşı açıq təxribatdır.

Bu addım nəinki bugünkü siyasi vəziyyətə, həm də türk dünyasının gələcək perspektivlərinə ciddi təhdid yaradır.

Demokrat.az REAL TV-nin materialını təqdim edir:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top