Məktəblərdə ev tapşırıqlarını tamamilə ləğv olunmalıdırmı?

GÜNDƏM 14 mart 2025, 18:23
Son illərdə təhsil sistemində müxtəlif islahatlar müzakirə olunur. Bunlardan biri də məktəblərdə ev tapşırıqlarının ləğv edilməsidir. Dəstəkləyənlər hesab edirlər ki, bu, şagirdlərin dərs yükünü azaldaraq onların daha sərbəst və yaradıcı düşünməsinə imkan yarada bilər. Digər tərəfdən, tənqidçilər ev tapşırıqlarının biliklərin möhkəmləndirilməsi baxımından vacib olduğunu vurğulayırlar.

Bəs, məktəblərdə ev tapşırıqlarını tamamilə ləğv etmək mümkündürmü? Bunun şagirdlərin akademik göstəricilərinə və öyrənmə prosesinə hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı olaraq Demokrat.az-a danışan təhsil üzrə ekspert bildirib ki, şagirdlərə ev tapşırıqlarının verilməsi məsələsi uzun müddətdir müzakirə olunan mövzulardandır:

“ Həmişə olduğu kimi, bu məsələdə iki fərqli fikir formalaşır. Yəni, burada ziddiyyətli məqamlar var – bir tərəf ev tapşırıqlarını dəstəkləyir, digər tərəf isə buna qarşı çıxır.Amma mənə görə, biz ev tapşırıqlarını tamamilə ləğv etməməliyik. Yəni, müəyyən sahələrdə, əsasən vacib fənlər üzrə şagirdlərə ev tapşırıqları verilə bilər. Amma bu, bütün fənləri əhatə etməməlidir və şagirdlərə həddindən artıq yüklənmə yaratmamalıdır.
Məsələn, Finlandiyada şagirdlərə ev tapşırığı verilmir. Yaxud da verilirsə, bu, konkret olaraq ailə ilə bağlı bir işə yönəlir. Məsələn, onlardan soruşulur ki, "evdə asudə vaxtınızı necə keçirirsiniz?" və bununla bağlı ümumi fikirlərini bölüşmələri istənilir. Bu formatda olan tapşırıqlar şagirdlərin həm yaradıcı təfəkkürünün inkişafına kömək edər, həm də onların ailəsi ilə daha çox vaxt keçirməsinə şərait yaradar.Bu, həm ailə bağlarının möhkəmlənməsi, həm də ümumilikdə şagirdin emosional vəziyyətinə müsbət təsir edər. Valideynlərin də bu prosesdə aktiv iştirakı şagirdin psixoloji rahatlığını təmin edər və nəticədə o, dərs yükünün ağır təsirini hiss etməz. Bunun əksinə, bizdə bəzən şagirdlərə bayram günlərində və ya tətil vaxtlarında həddindən artıq ev tapşırıqları verilir. Bu isə onların istirahət hüququnu pozur və təhsilə marağını azaldır”.

Ekspert onu da qeyd edib ki, bu problemin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir:

“Mən ev tapşırıqlarının tamamilə ləğvinin tərəfdarı deyiləm. Amma onların miqdarının məhdudlaşdırılması daha məqsədəuyğun olar. Məsələn, 25-30 tapşırıq əvəzinə, 3-5 tapşırıq verilə bilər. Həmçinin, bu tapşırıqlar elə seçilməlidir ki, şagirdin yaradıcı təfəkkürünü inkişaf etdirsin, onu araşdırmaya və öyrənməyə təşviq etsin.Dünyanın bir çox ölkələrində, xüsusilə də yüksək təhsil göstəricilərinə malik ölkələrdə ev tapşırıqları ya ləğv edilir, ya da minimum səviyyədə saxlanılır. Məsələn, Sinqapur və İsrail kimi ölkələrdə ev tapşırıqları ya verilmir, ya da yalnız yaradıcı və praktik xarakter daşıyır.

Ev tapşırıqlarının tamamilə ləğv edilməsi müəyyən mənfi təsirlərə səbəb ola bilər. Çünki şagirdlər dərsdən sonra özlərini tamamilə sərbəst hiss edəcək və daha çox əyləncə və digər fəaliyyətlərə maraq göstərə bilərlər. Lakin məhdud sayda tapşırıq veriləndə şagird özünü yenə də təhsil prosesinin bir hissəsi kimi hiss edəcək və dərsdən tam uzaqlaşmayacaq.Nəticə olaraq, ev tapşırıqlarının balanslı şəkildə azaldılması həm şagirdlərin dərs yükünü yüngülləşdirər, həm də onların təhsil göstəricilərinə müsbət təsir edər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top