Psixoloq: "Valideynlər yeniyetmələrin akademik uğurunu həyatın yeganə məqsədi kimi görür"

GÜNDƏM 10 mart 2025, 18:49
"Son illərdə abituriyentlər arasında imtahan nəticələrinin psixoloji təsirləri ilə bağlı ciddi narahatlıqlar müşahidə edilir. İmtahan sonrası uğursuz nəticə göstərən bəzi abituriyentlərin intihara cəhd etməsi çox ciddi və dərin psixoloji amillərlə bağlıdır.Bunun əsas səbəblərindən biri yeniyetmələrin akademik uğuru həyatın yeganə məqsədi kimi görməsidir. Ailə və cəmiyyət tərəfindən yüksək gözləntilər, sosial təzyiq və uğursuzluğun dramatikləşdirilməsi bəzi yeniyetmələri çıxılmaz vəziyyətə salır". 

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. 

"Xüsusilə ailələrin “yalnız yüksək nəticə uğurdur” yanaşması, abituriyentlərə alternativ inkişaf yolları tanımamağa, onların psixoloji yükünü artırmağa gətirib çıxarır.Digər tərəfdən, yeniyetmələrin emosional dayanıqlılığının yetərincə formalaşmaması və stresslə mübarizə bacarıqlarının zəif olması da bu problemi dərinləşdirir. Məhz bu səbəbdən Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq təhsil və psixoloji dəstək qurumlarının əməkdaşlığının gücləndirilməsini vacib hesab edirik.Təhsil sistemində şagirdlərin yalnız akademik uğur deyil, həm də psixoloji dayanıqlılıq və emosional intellekt baxımından inkişaf etdirilməsi üçün xüsusi proqramlar hazırlanmalıdır. Ailələr övladlarına şərait yaratmalı, onları yalnız akademik uğur əsasında deyil, fərdi bacarıq və maraqlarına görə dəyərləndirməlidirlər.Bu cür halların qarşısını almaq üçün psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi, abituriyentlər üçün psixoloji məsləhət xidmətlərinin əlçatan edilməsi, habelə uğursuzluğun bir son olmadığını, yeni imkanlar yarada biləcəyini anlatmaq üçün maarifləndirmə işləri aparılmalıdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 21:39
Top