Politoloq: "Trampın bir nömrəli hədəfi..."

XARİCİ SİYASƏT 10 mart 2025, 17:35
“Nəzərə almaq lazımdır ki, Rusiya ilə Ukrayna arasında gedən müharibədə əgər atəşkəs elan olunarsa, danışıqlar əsasən ABŞ və Rusiya arasında aparılacaq. Yəni Ukrayna əsas tərəf deyil, ona görə Rusiyanın hansısa güzəştlərə gedəcəyini proqnozlaşdırmaq real görünmür, hər nə qədər iqtisadiyyatı zəifləmiş olsa və sanksiyalar altında olmuş durumda olsa belə, Rusiya xeyli sayda əraziləri zəbt etmiş vəziyyətdədir və geri çəkilmək niyyəti yoxdur”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Vüqar Əhmədov deyib. 

O əlavə edib ki, ABŞ-da hakimiyyətə müharibənin bitməsinə və danışıqların başlanmasında maraqlı olan administrasiya gəlib, bu isə Moskvanın mövqeyini daha da gücləndirir:

“Yəni ərazi güzəştləri inandırıcı görsənmir. Əgər atəşkəs əldə edilsə və sülh danışıqları başlanarsa burada da əsas danışıqlar aparan tərəflər ABŞ və Rusiya olacaq, Kiyev isə bu prosesin tərəfi deyil, obyekti olacaq. Yəni dolaysı ilə əgər o zamana qədər Zelenski hakimiyyətdə qalarsa, yaxud Rusiyanın təkidi və ABŞ-ın təklifi ilə Ukraynada başqa siyasi fiqur hakimiyyətə gətirilərsə, o yalnız prosesin iştirakçısı olacaq. Çünki bizim indi gördüyümüz Ukrayna ərazilərinin bölüşdürülməsi prosesi gedir və təkcə ərazilərin deyil, eyni zamanda sərvətlərinin və digər resursların. Ona görə burada sadəcə tərəfləri danışıqlar masasına gətirmək və Ukrayna tərəfini danışıqlara razı salmaq üçün Tramp belə bir fikir söyləyə bilər. Əslində Trampın taktikası da bu idi, Ukrayna liderini yanına çağıraraq ona media qarşısında və bütün dünya qarşısında təzyiq göstərmək, daha sonra Kiyevin danışıqlara razı olmasını bəyan edərək tərəfləri bir araya gətirmək”. 

Politoloq vurğulayıb ki, burada artıq bu hadisədən müəyyən qədər məmnun Rusiya və ABŞ-ın onun arxasında əvvəlki qədər dayanmayacağını bilən Ukrayna var:

“Avropa İttifaqı zamanında bunu bacarmadı, tam əksinə Aİ vasitəçiliyi, dəqiq desək Makron və Merkelin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində böyük müharibə başladı, lakin ABŞ, Trampın hər iki tərəfə təsir etmək gücü var və bu danışıqlar yaxın zamanlarda sülh müqaviləsi ilə nəticələnməsə də, atəşkəs razılaşması ola bilər. Rusiya burada Ukrayna ilə müqayisədə daha az güzəştə gedən tərəf olacaq. Əgər Ukraynada məsələ demilitarizasiya, NATO-ya üzvlüyün siyasi gündəlikdən çıxarlması və Ukraynanın neytrallığı məsələsi olacaqsa, Rusiya burada daha çox humanitar xarakterli güzəştlərə gedəcək. Rusiyanın döyüşlər nəticəsində tutduğu ərazilərin böyük bir qisminin yenidən Ukraynaya qaytaracağı yaxın zamanda inandırıcı görünmür. Trampın isə bir nömrəli hədəfi insan itkisi durdurmaq və müharibəyə son qoymaqdır. Lakin Ukraynanın indiki məqamda müqavimət gücünün zəiflədilməsi də Qərbə tam da sərf etməyən bir ssenaridir. Çünki bu gün Ukrayna Rusiya qarşısında faktiki Qərb üçün bir sipərdir, Avropanın və Qərbin təhlükəsizliyi baxımından həlledici ölkəyə çevrilib. Əgər Avro-Atlantik təhlükəsizlik sistem tam çökərsə bu konfiqurisiya dəyişə bilər”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 21:39
Top