Trampın NATO-ya təhdidi: Alyansın gələcəyi risk altındadır?

DÜNYA 04 mart 2025, 16:09
ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi xüsusilə Avropada narahatlıqla qarşılanır. Ağ Ev rəhbərinin NATO və Avropa İttifaqına münasibəti, bu birlikləri ABŞ-ni zəiflətməkdə ittiham etməsi Qərb liderlərinin narazılığına səbəb olur.

Hətta Trampın zamanla ABŞ-nin NATO-dakı rolunu azaldacağı, radikal qərarları ilə alyansın 76 il sonra dağılmasına səbəb olacağı iddia edilir. Onun dövlətlərin təhlükəsizliklərini özlərinin təmin etməli olduğuna dair açıqlamaları buna əsas göstərilir. Bəzi ekspertlərin fikrincə, artıq bir sıra Qərb ölkələri sözügedən ehtimala qarşı müəyyən hazırlığa başlayıblar.

Alyans üzvlərinin Tramp amili ilə bağlı ehtiyat planı nədir? NATO-nun yaxın gələcəkdə dağılması mümkündürmü?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra beynəlxalq münasibətlər sistemində yeni bir mərhələ başlayıb:

“Bu mərhələ artıq universal təşkilatların, hərbi-siyasi alyansların və dövlətlərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi ilə bağlı fikirləri gündəmə gətirib.  Böyük ehtimalla BMT-nin və NATO-nun ya tamamilə dağılacağı, ya da ən azı aktuallığını itirəcəyi ilə bağlı müzakirələr aparılır. Trampın əvvəlki prezidentliyi dövründə də o, NATO üzvlərini ÜDM-lərinin 2%-ni alyansın büdcəsinə ayırmağa çağırırdı. İndi isə bu rəqəmin hətta 5%-ə qaldırılması istənilir ki, təhlükəsizlik zəmanətləri təmin edilsin. Əks təqdirdə belə görünür ki, dövlətlər öz təhlükəsizlikləri barədə özləri düşünməli olacaqlar. Avropa İttifaqında da bu fikirlər getdikcə daha geniş yayılır”. 

Politoloq onu da qeyd edib ki, Avropa artıq öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif yollar axtarır və çalışır ki, etibarlı bir təhlükəsizlik mühitini ABŞ olmadan qursun:

“Çünki ABŞ mərkəzli təhlükəsizlik çətiri müəyyən risklər yarada bilər. Ukrayna nümunəsində biz bunu açıq şəkildə görürük. Prezident Zelenski ilə Donald Tramp arasındakı danışıqlar zamanı məlum oldu ki, ABŞ üçün müttəfiqlik anlayışı o qədər də böyük əhəmiyyət daşımır. Yalnız iqtisadi mənfəət, maraqlar, dividendlər və qazanc əsas prioritet hesab edilir.Buna görə də müharibəni nə bahasına olursa olsun dayandırmaq əsas vəzifədir. Zelenskinin təhlükəsizlik zəmanətləri ilə bağlı fikirləri isə Tramp tərəfindən kəskin reaksiya ilə qarşılandı. Eyni zamanda vitse-prezidentlə də kifayət qədər ciddi polemika yaşandı. Buna görə hesab edirəm ki, həm NATO alyansı zəifləyə, hətta tamamilə aktuallığını itirə bilər. Bu proses, eyni zamanda BMT-yə də təsirsiz ötüşməyəcək. Dövlətlər bu gün daha çox öz milli maraqları və təhlükəsizliyi barədə düşünməlidirlər”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top