AZƏRTAC-ın kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

MEDİA 01 mart 2025, 15:24
Martın 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 illik yubileyi münasibətilə agentliyin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Eyni zamanda, tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də "Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı özünə qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.

Beynəlxalq və regional media təşkilatlarının üzvü olan AZƏRTAC son illər 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Agentlik hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top